XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2020 - 21:33

Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 130-a çatıb- Bir polis ölüb

Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

APA xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalının Twitter” səhifəsində məlumat yer alıb.

Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.

Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.

“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına soxulublar.

Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 130 nəfər xəsarət alıb.

******

Livanın paytaxtı Beyrutda nümayişçilərlə güc strukturları arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 130-a çatıb.

APA xəbər verir ki, bu barədə Qırmızı Xaç cəmiyyətinin Livan ofisi özünün “Twitter” səhifəsində bildirib.

Buna qədər 60 nəfərin xəsarət aldığı deyilirdi.

“28 yaralı yaxınlıqdakı xəstəxanalara aparılıb. 102 nəfərə isə yerində tibbi yardım göstərilir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar. Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.