ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratik partiyanın gözlənilən namizədi Cozef Bayden Konnektikut ştatında keçirilən praymerizdə qələbə qazanıb.
Azərtac “The New York Times” qəzetinə istinadla xəbər verir ki, praymerizdə demokratların avqust ayında keçiriləcək ümummilli qurultayında partiya sıralarından ABŞ Prezidenti postuna namizədliyini irəli sürəcək bu və ya digər siyasətçini dəstəkləyəcək nümayəndələr iştirak edib.
Bülletenlər hələ tam sayılmasa da, Cozef Baydenin bu ştatda 85 faiz səs qazandığı bildirilir. Aprelin 8-də seçki yarışını tərk edən Berni Sanders isə təxminən 11 faiz səs toplayıb. Vermont ştatından olan senator Berni Sanders mübarizəni tərk etdikdən sonra Cozef Baydenin demək olar ki, partiya daxilində rəqibi qalmayıb. Lakin əvvəllər seçki yarışında iştirak edən bəzi siyasətçilərin adları əvvəlki kimi bülletenlərdə yer alır.
Qeyd edək ki, Demokratik partiyanın rəhbərliyi pandemiya ilə əlaqədar iyulun 13-də Viskonsin ştatının Miluoki şəhərində keçirilməsi planlaşdırılan partiya qurultayını avqustun 17-20-nə təxirə salıb. Qurultayda Cozef Baydenin ali dövlət postuna namizədliyinin elan olunacağı gözlənilir. Lakin siyasətçinin özü pandemiya səbəbindən tədbirdə iştirak etməyəcək.
Qəzetin məlumatına görə, Cozef Bayden artıq milli qurultayın 2627 nümayəndəsinin dəstəyini qazanıb. İlk turda prezidentliyə namizəd olmaq üçün siyasətçi 1991 nümayəndənin səsini əldə etməlidir.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.