Koronavirusla bağlı karantin məhdudiyyətlərinin yumşaldılması bir sıra hallarda pandemiyanın qəflətən yayılmasına və ən gözlənilməz yerlərdə yeni yoluxma ocaqları yaranmasına səbəb olur. Bu yaxınlarda Avropada COVID-19 üzərində “qələbəni” bayram edən restoranlar, kafelər və gecə klubları öz qapılarını müştərilərin üzünə açıblar. Praqada belə səhlənkarlıq növbəti yoluxma ocağının yaranmasına gətirib çıxarıb.
Azərtac xəbər verir ki, bu günlərdə əylənmək üçün Praqadakı “Şaşni” klubuna gələnlər öz səhhəti ilə bağlı xoşagəlməz xəbər öyrəniblər. Məclis iştirakçıları bir-biri ilə ünsiyyətdə olub. Gecə klubunun müştərilərindən olan bir qadın oraya koronavirus “gətirib”, nəticədə daha 65 müştəri COVID-19-a yoluxub.
“Sıfırıncı müştəridə” əvvəlcə heç bir xəstəlik əlaməti olmayıb. Həmin qadında koronavirusun ilk simptomları yalnız ertəsi gün üzə çıxıb. Onunla eyni kampaniyada olan 17 nəfərin hamısı müayinə edilib və onlardan 15 nəfərin testi pozitiv çıxıb. Bundan sonra məclisin digər iştirakçılarını axtarmağa başlayıblar və onların sayı 65 nəfərə çatıb.
Klubda uşaq yay mərkəzlərinin işçiləri də olub və Cənubi Çexiyadakı düşərgələrin birinə koronavirus düşüb. Müştərilər arasında “Spartа”, “Duklа” və “Bohemians 1905” futbol komandasının oyunçuları da olub.
Beləliklə, adi səhlənkarlıq yeni təhlükəli yoluxmaya səbəb olub.