XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2020 - 20:37

Tramp BƏƏ-nin İsraili tanımasını alqışladı –Türkiyə və İran isə “Fələstinə xəyanət” adlandırdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail hərtərəfli diplomatik münasibətlər qurmağa razılaşıblar.

Bu addımı Birləşmiş Ştatlar, bir neçə Körfəz ölkəsi alqışlasa da, İran, Türkiyə və fələstinlilər qınayıb.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya görə, BƏƏ İsraillə tam diplomatik münasibətlər quran ilk Körfəz ərəb ölkəsi, aktiv münasibətləri olan üçüncü ərəb ölkəsinə çevrilir. Razılaşmaya əsasən, İsrail Qərb sahilinin fələstinlilər tərəfindən tutulmuş hissələrini ilhaq planını təxirə salmalıdır. Bir neçə həftəyə İsrail və BƏƏ-nin nümayəndə heyətləri görüşərək investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, səfirliklərin təsis olunması və digər məsələlərlə bağlı ikitərəfli sazişlər imzalamalıdırlar.

Tramp bunu “həqiqi tarixi an” adlandırıb, əlavə edib ki, “indi buz sınandan sonra daha çox ərəb və müsəlman ölkəsinin bu yolla gedəcəyini gözləyirəm”.

İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə çıxışında İsrail və ərəb dünyası arasında yeni sülh erasının başlandığını deyib. “Getdikcə daha çox ərəb ölkəsinin bu genişlənən sülh halqasına qoşulacağını görmək şansımız artır”, – o vurğulayıb. Ancaq Netanyahu deyib ki, Qərb sahilin ilhaqı planlarının ləğvinə deyil, yalnız təxirə salmağa razılaşıb, “torpağımıza hüquqdan heç vaxt əl çəkməyəcəyik”.

Bu, İsrail 1948-ci ildə müstəqilliyini elan edəndən bəri onun hər hansı ərəb ölkəsi ilə üçüncü razılaşmasıdır. Belə bir razılaşma Misirlə 1979-cu, İordaniya ilə 1994-cü ildə imzalanıb.

İsrail və BƏƏ həmsərhəd deyillər, heç vaxt müharibə aparmayıblar. Ancaq BƏƏ davamlı olaraq fələstinliləri müdafiə edib, diplomatik münasibətlərin qurulması üçün 1967-ci ildə İsrailin işğal etdiyi torpaqlarda Fələstin dövlətinin qurulmasına dair sülh sazişini şərt qoyub. İranla Türkiyə sözügedən razılaşmanı pisləyib, BƏƏ-ni Fələstinə xəyanətdə suçlayıblar. İranın Xarici İşlər Nazirliyi razılaşmanı BƏƏ-nin ədalətsizcəsinə Fələstin xalqı və bütün müsəlmanların kürəyinə batırdığı xəncər adlandırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, region xalqları BƏƏ-nin bu ikiüzlü davranışını heç vaxt bağışlamayacaq və unutmayacaq, onun fələstinlilər adından İsraillə danışıq aparmaq səlahiyyəti yox idi. Qəzzaya nəzarət edən Fələstinin islamçı Hamas qruplaşmasının sözçüsü sənədi pisləyib.

Fələstinin Xarici işlər naziri Riyad əl-Malki deyib ki, Fələstinin BƏƏ-dəki səfiri razılaşma açıqlanan kimi geri çağırılıb.

Bu hadisə Tramp üçün xarici siyasətdə qələbə sayılır, onun 3 noyabr prezident seçkisində təkrar seçilmək şansını gücləndirir.

Trampın demokratlardan rəqibi, keçmiş senator və vitse-prezident Co Bayden də razılaşmanı alqışlayıb. Bayden deyib ki, BƏƏ-nin İsraili açıq şəkildə tanıması “alqışlanası, cəsarətli, çox lazımlı dövlətçilik hərəkətidir” və İsrailin Yaxın Şərqin tərkib hissəsi kimi qalmasına kömək edəcək. (azadliq.org)