XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 18:35

Pan Gi Mun:"Dünyanın heç bir ölkəsi deyə bilməz ki..."

Pan BMT

BMT Baş Assambleyasının iclası keçirilib. İclas İrqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Gününə həsr olunub. İştirakçılar qarşısında çıxış edən BMT Baş katibi Pan Gi Mun qeyd edib ki, bu gün planetin müxtəlif guşələrində insanlar hələ də dərilərinin rənginə, mənşəyinə, milli, yaxud etnik mənsubiyyətlərinə görə təhqirlərə məruz qalırlar.

Azərtac BMT Xəbər Mərkəzinə istinadla xəbər verir ki, bu il İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 50 illiyi və İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqədar dözümsüzlüklə mübarizəyə dair Beynəlxalq Konfransın (Durban, 2001-ci il) 15 illiyi qeyd olunur.

BMT rəhbəri bildirib ki, Konvensiyada ifadə olunan irqi ayrı-seçkiliyə son qoymağa dair qəti məram hazırda “təhlükə altındadır”.

Pan Gi Mun deyib: “Durbanda beynəlxalq birlik bəyan etdi ki, dünyanın heç bir ölkəsi deyə bilməz ki, irqçilikdən tam mənada azad olub. Bu gün də vəziyyət dəyişməyib”.

BMT Baş katibi əlavə edib ki, daimi sülh yalnız insanların “hüquq və ləyaqət” bərabərliyi şəraitində mümkündür. Bu, onların etnik mənsubiyyətindən, cinsi, dini, sosial, yaxud digər statusundan asılı olmamalıdır.

Pan Gi Mun bütün dövlətləri İrqi ayrı-seçkiliyin bütün formaların ləğvinə dair Beynəlxalq Konvensiyanı ratifikasiya etməyə çağırıb.

İrqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Günü martın 21-də qeyd olunur. Həmin gün bütün dünya 1960-cı ildə aparteid rejiminin Şarpevildə törətdiyi qanlı divanın ildönümünü qeyd edir. Hadisə zamanı polis irqçi qanunlara etiraz edən onlarla dinc nümayişçini gülləbaran edib.