Riqa Şəhər Şurası Təhsil, Mədəniyyət və İdman Departamentinin təhsil şöbəsinin rəhbəri İvar Balamovskis yeni tədris ilində Riqa məktəblərinin yarıdan çoxunda təhsilin əsasən, əyani formada təşkil olunacağını söyləyib.
Azərtac xəbər verir ki, dərslərin keçirilməsi üçün məktəblərə üç model təklif olunub.
Məktəblər tədris prosesinin təşkil planlarını işləyib hazırlamağa davam edirlər. Avqustun 27-dək tədrisin hansı formada təşkil ediləcəyi barədə valideynlərə məlumat veriləcəyi də bildirilib.
Estoniyanın paytaxtı Tallinndə fəaliyyət göstərən məktəblər də hər il olduğu kimi bu il də sentyabrın 1-də işə başlayacaqlar. Məktəblərə heç bir məhdudiyyət tətbiq edilməsə də, Tallinn şəhəri məktəblərlə əməkdaşlıq edərək, ölkədə virusa yoluxanların sayının kəskin şəkildə arta biləcəyi ehtimalını nəzərə alaraq, mümkün ssenarilər üzərində işləyir.
Tallin şəhərinin meri Mixail Kılvartın sözlərinə görə, bunun üçün mərkəzi plan hazırdır, lakin cədvəl, distant təhsil, məktəbdaxili logistika, fərdi mühafizə vasitələri və s. bu kimi detallar müzakirə edilməlidir.