İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) iki nüvə obyektində yoxlamalar aparmağa icazə verib.
APA-nın xəbərinə görə, bu barədə AEBA-nın baş direktoru və İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbərinin qəbul etdiyi birgə bəyanatda qeyd olunub.
“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və İran İslam Respublikası İranın Hərtərəfli Qorunma Sazişinin və Əlavə Protokolun tam şəkildə yerinə yetirilməsinə dəstək vermək üçün əməkdaşlığı daha da gücləndirmək və qarşılıqlı etimadı artırmaq barədə razılığa gəlib.
Qarşılıqlı intensiv məsləhətləşmələrdən sonra İran və AEBA arasında beynəlxalq agentlik tərəfindən müəyyən edilmiş təhlükəsizlik və təminat tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Bununla əlaqədar İran AEBA-ya giriş əldə edərək yoxlama aparmaq istədiyi iki obyektə giriş icazəsi verib, beləliklə, AEBA-nın yoxlama işlərini asanlaşdırıb. AEBA-nın obyektlərə giriş və yoxlama işlərinin tarixi razılaşdırlıb”, – deyə birgə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, mövcud kontekstdə AEBA əldə etdiyi məlumatların təhlilinə əsasən bəyan edir ki, onun İrana əlavə sualları, o cümlədən İranın Hərtərəfli Qorunma Sazişi və Əlavə Protokol çərçivəsində təsdiqlənmiş nüvə obyektlərindən başqa obyektlərə giriş tələbi yoxdur.
Xatırladaq ki, AEBA-nın baş direktoru Rafael Mariano Qrossi dünən Tehrana səfər edib. O, iranlı rəsmilərlə görüşlər keçirib.
Qeyd edək ki, xarici media sözügedən nüvə obyektlərində şübhəli fəaliyyətin ehtimal olunduğunu yazır.