XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 16:39

Belarus xalqını tərifləyən rus bloqer döyüldü

 

Rusiya hökumətini açıq tənqid etməsilə tanınan bloqer və fəal Yeqor Jukov Moskvadakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən döyüləndən sonra xəstəxanaya yerləşdirilib.

“Jukovun Komandası” kimi tanınan siyasi təşkilat “Facebook”-da yazıb ki, fəal avqustun 30-da YouTube-da Maksim Kats ilə tok-şouda iştirak edəndən sonra hücuma məruz qalıb. Tok-şouda qonşu Belarusda davam edən etirazlar haqda fikirlərini bölüşüb.

Həmkarlarının “Facebook”-da yerləşdirdiyi fotoda Jukovun üzündəki izlər onun bərk döyüldüyünü göstərir.

Fəalın həmkarı Yevgeni Ovçarov “Exo Moskvı” radiosuna deyib ki, Jukov axşam saat 10 radələrində Moskvada yaşadığı binanın yanında döyülüb. Moskva polisinin avqustun 31-də bildirməsinə görə, hücum araşdırılır, döyülmə ilə bağlı cinayət işi açıla bilər.

Jukov tok-şouda deyib ki, Belarusdakı etirazlar “dərsliyə salınası nümunədir”, “dinc yolla demokratik dəyişikliyə nazil olmaq istəyənlər tərəfindən hərtərəfli öyrənilməlidir”.

“Müasir dinc etiraz mühasirə kimidir… qarşında divar varsa və başını yalnız divara vurursansa, divar udacaq… Dinc etirazların mahiyyəti Mayk Taysonu şahmatda udmaq kimi bir şeydir”, – deyə Jukov keçmiş ağır çəki üzrə boks çempionunun adını çəkib.

22 yaşlı Jukov dekabrda ekstremizm ittihamı üzrə üç illik həbsə məhkum edilib. Özü və tərəfdarları isə ittihamı siyasi motivli adlandırıb.

İttihamlar fəalın 2017-ci ilin oktyabr və dekabr aylarında özünün YouTube kanalında yerləşdirdiyi dörd videoyla bağlı idi. Həmin videolara nümayişlərdən hissələr, bloqerin etiraz hərəkatı və Rusiya siyasətilə bağlı fikirləri yer alıb.

Jukov ötən ilin avqustunda Moskvada azad və ədalətli bələdiyyə seçkisi tələbilə etirazlar gedən vaxt saxlanıb. Həmin etirazlarda onlarla şəxs cərimələnib, həbsə atılıb.

Dekabrın 4-də hökm çıxarılmazdan məhkəmədə son sözündə Jukov Rusiyanın mövcud siyasi sistemini sərt tənqid edib, vətəndaşları üçün iqtisadi bərabərsizlik yaratdığını vurğulayıb. Jukovun bəyanatı ölkəyə səs salıb, onu Rusiyada məşhurlaşdırıb. (azadliq.org)