XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2020 - 14:53

“Dünyada zorakı ölüm hallarının yarısı intiharın payına düşür” –ÜST

Bu gün, sentyabrın 10-u hər il Dünya İntiharı Qabaqlama Günü kimi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə son 20 il ərzində intihar nəticəsində ölənlərin sayı müharibələr və kriminal hadisələr zamanı ölənlərdən daha çoxdur. Belə ki, dünyada zorakı ölümlərin yarısı intiharın payına düşür.

ÜST-ə görə, intiharlar Misirdə, Haitidə, Yamaykada yox dərəcəsindədir. Azərbaycan da intiharların cüzi olduğu ölkələr sırasındadır. Ən çox intihar isə Koreya Respublikası, Şri Lanka, Litva, Mozambik, Nepal, Tanzaniya, Qazaxıstan, Hindistan, Latviya, Çin, Sloveniya kimi ölkələrdə qeydə alınır. 2015-ci ildə bu sırada olan Yaponiyada görülən tədbirlər sayəsində intiharların sayı xeyli azalıb.

İntihar hallarına səbəb olan amillər arasında Avropa və Şimali Amerika ölkələrində daha çox psixi pozuntular, Asiya ölkələrində isə çılğınlıq göstərilir. İntihara əl atan insanlar adətən daxili sarsıntı keçirir, həyatda üzləşdikləri çətinliklərə çarə tapmır, ümidsizliyə qapılırlar.

İntihara meyl etməyə başlayan insanların adətən davranışı da dəyişir. Onlar gələcək planları yox, ölüm haqqında düşünməyə başlayır, həmişəki mühitdən, dost-tanışlardan, hətta ailə üzvlərindən uzaqlaşırlar. Belə şəxslərdə tez-tez xırda səbəblərdən belə əsəbilik baş qaldırır. Eyni zamanda əvvəllər ləzzət aldıqları işlər onları darıxdırmağa başlayır, nəticədə gördükləri işin səmərəsi də azalır.

Belə insanlar somatik halsızlıq keçirir, qarınağrısı hiss edir, tez-tez mürgüləyir. İştahaları yox olur, bəzən isə əksinə, daim aclıq hiss edirlər. Zahiri görünüşlərinə biganələşən belə insanlar çox vaxt içkiyə, narkotiklərə meyillənməyə başlayır.

Bütövlükdə intihar edənlər arasında əyyaş və narkomanlar, ağır xəstələr, həmçinin erkən yaşlarında ağır itki yaşayanlar, işsizlər, yeni təqaüdə çıxanlar, tənha yaşanlar üstünlük təşkil edir. (report)