Rəsmi Pekin ABŞ-ı mətbuat azadlığına hörmət etməyə çağırıb.
Azərtac xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien sentyabrın 10-da keçirdiyi ənənəvi mətbuat konfransında bununla bağlı bəyanat verib. O, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Çin mətbuatının Birləşmiş Ştatların Pekindəki səfirinin məqaləsini yayımlamaqdan imtina etməsi ilə bağlı bəyanatını şərh edərkən belə deyib.
Çin rəsmisi bildirib ki, ABŞ və digər ölkələrin KİV-lərində olduğu kimi, “Jenmin Jibao” qəzetinin də hər hansı məqaləni dərc edib-etməmək hüququ var. Media orqanı təqdim olunan məqaləyə lazımi dəyişikliklər və düzəlişlər etmək, habelə səhv faktları ehtiva edən və yanlış fikirlərlə dolu olan hər hansı bir məqalənin çapını rədd etmək hüququna malikdir. Bütün bunlar media sahəsinin peşəkar qaydalarıdır və beynəlxalq normalara əsaslanır.
“Birləşmiş Ştatlar yanlışları söyləməyi dayandırmalı, zorakılıqdan imtina etməli və mətbuat azadlığına öz əməli hərəkətləri ilə hörmət etməlidir”, – deyə Cao Licien bildirib.
Qeyd edək ki, avqustun 26-da ABŞ-ın Çindəki səfirliyi Çinin rəsmi qəzeti olan “Jenmin Jibao”nun redaksiyası ilə əlaqə yaradaraq, səfir Teri Brənstadın məqaləsinin hər hansı düzəlişsiz çap olunmasını xahiş edib. “Jenmin Jibao”nun məsələyə dair cavabında ABŞ səfirinin məqaləsinin boşluqlarla dolu və faktlara ciddi şəkildə zidd olduğu bildirilib.