XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2016 - 11:51

Avstraliyanı tətillər bürüyüb- Beynəlxalq aeroportların işi təhlükədə

Martın 24-də Avstraliyaya uçmağa və ya bu Yaşıl qitəni tərk etməyə hazırlaşan aviasərnişinlər beynəlxalq aeroportlarda müvafiq nəzarət-buraxılış məntəqələrini keçərkən uzunmüddətli gecikmələrə hazır olmalıdırlar. Belə bir xəbərdarlıqla Avstraliya Dövlət Qulluqçuları Həmkarlar İttifaqının katibi xanım Nadin Flad çıxış edib.

N.Flad bildirib ki, onun həmkarları artıq iki ildir hökumətlə dondurulmuş əmək haqlarının və bir sıra güzəştlərin bərpası ilə bağlı səmərəsiz danışıqlar aparırlar. N.Flad deyib: “Üç həftə bundan əvvəl biz Baş nazirlə görüşməyi xahiş etmişdik, lakin bizim xahişimizə cavab verilmədi. Baş nazir danışıqlarda yaranan əngəlləri aradan qaldırmaq istəmir. Buna görə də biz bir neçə həftə davam edəcək ciddi tətillərə başlamaq barədə qərara gəldik”.

Tətillərə ilk olaraq Tibbi Sığorta, Meteorologiya Bürosu, Statistika Bürosu, həmçinin Müdafiə Nazirliyinin bir sıra mülki qulluqçuları, hətta Baş nazir ofisinin bəzi işçiləri qatılıblar. Onlar martın 21-də işə çıxmasalar da sonradan geri qayıdıblar. Martın 24-də Gömrük, Sərhəd xidməti, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları 24 saatlıq tətilə başlayacaqlar. Bu, ilk növbədə beynəlxalq aeroportların işinə ciddi əngəl yaradacaq. Kerns, Pert, Darvin, Adelaida və Taunsvill aeroportlarının işçiləri martın 22-23-də bir neçə saatlıq xəbərdaredici tətillər keçirməyi planlaşdırıblar.

Azərtac xəbər verir ki, vəziyyəti gərginləşdirən daha bir məqam isə martın 24-də Avstraliyada Pasxa bayramı ərəfəsində son iş gününün olmasıdır. Məhz həmin gün Yaşıl qitənin sakinləri doğmalarına baş çəkmək və ya gəzintiyə çıxmaq üçün təyyarə biletləri sifariş edirlər.

Həmin vaxtın çox əlverişsiz olduğunu anladıqlarını qeyd edən N.Flad bildirib ki, onların başqa çıxış yolu qalmayıb.

Avstraliya Məşğulluq Nazirliyinin mətbuat xidməti isə bildirib ki, tətillər cəmiyyətə və həm də iştirakçıların əmək haqqına ciddi ziyan vuracaq.