XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2020 - 19:19

Hindistan Dünya Bankından 2,5 milyard dollar kredit alıb- Pandemiya ilə mübarizə üçün

Hindistan COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Dünya Bankından, ümumilikdə 2,5 milyard ABŞ dolları həcmində kredit cəlb edib.

Azərtac Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Maliyyə naziri Anuraq Sinq Thakur parlamentdə çıxışı zamanı deyib. Bildirib ki, həmin vəsaitin bir milyard dolları səhiyyə məsələlərinə, 750 milyon dolları sosial müdafiə, qalan hissə isə iqtisadiyyatın stimullaşdırılması tədbirlərinə yönəldilib. Dünya Bankından ilk kredit aprel ayında – ölkədə pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin elanından bir qədər sonra səhiyyə məqsədi ilə alınıb. İkinci kredit mayda hökumətin sosial müdafiə tədbirlərinin maliyyələşdirilməsi, sonuncu hissə isə iyulda mikro, kiçik və orta sahibkarlığa maliyyə dəstəyi üçün cəlb olunub.

Qeyd edək ki, Hindistan COVID-19 pandemiyasından ən çox ziyan çəkən ölkələrdən biridir. Bu ziyan həm yoluxanların sayının çoxluğu və davamlı olaraq artması səbəbindən səhiyyə sahəsində, həm də karantin rejimi ilə əlaqədar iqtisadiyyatın, xüsusən də mikro, kiçik və orta sahibkarlığın geriləməsində özünü qabarıq göstərir. Sentyabrın 15-də Hindistanda virusa yoluxanların ümumi sayı 5 milyonu ötüb. Son günlər sutkalıq yoluxma sayı orta hesabla 90 min nəfər təşkil edib.

Hindistanın statistika qurumunun məlumatına əsasən, karantin rejimi ilə əlaqədar ilin ikinci rübündə ölkədə ümumi daxili məhsul 23,9 faiz azalıb. Bundan başqa, işsizlik 8,5 faizə yüksəlib. “S&P Global Ratings” agentliyi isə 2020-2021-ci maliyyə ilində Hindistan iqtisadiyyatının 9 faiz geriləyəcəyini proqnozlaşdırıb.