XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 22:58

“Rusiyanın davranışı pisə doğru dəyişir” –Ursula von der Leyen

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bəyan edib ki, Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra Şimal Axını 2 qaz kəmərinə yalnız iqtisadi layihə kimi baxıla bilməz.

Xanım von der Leyenin sözlərinə görə Rusiyanın davranışı “nəinki yaxşılaşmayıb, hətta pisləşməyə doğru gedir”.

Avropa Komissiyasının başçısı deyib:

“Bizim bu kəmərlə birlikdə münasibətlərimizin irəliləyəcəyinə dair ümidlərimiz getdikcə azalır. Rusiya bu infrastruktura görə öz davranışını dəyişmək niyyətində deyil”.

Hələ sentyabrın əvvəllərində Almaniya kansleri Angela Merkel demişdi ki, Amerikanın sanksiya hədələrinə baxmayaraq ŞimalAxını 2 kəməri tikilib başa çatdırılacaq.

Lakin Navalnının zəhərlənməsindən sonra Almaniya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Berlinin mövqeyi Rusiyanın növbəti davranışlarından asılı olacaq. Merkel bu mövqeyi bölüşdüyünü bildirmişdi.

Almaniyada fikir ayrılığı

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Almaniyanın şərq torpaqlarının hökumətləri Şimal Axını 2 kəmərinin tikintisini dəstəkləyirlər.

Onlar hesab edirlər ki, kəmər tikintisinin dayandırılması Navalnı ilə bağlı insidentə adekvat cavab ola bilməz.

Senrtyabrın 17-də Avropa Parlamenti ŞimalAxını 2 kəmərinin çəkilişinin dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Qətnamədə habelə Aleksey Navalnının zəhərlənməsi ilə bağlı beynəlxalq komissiyanın təşkilinə çağırış edilir.

Kreml buna cavab olaraq məsələnin “siyasiləşdirilməməsinə” çağırıb.

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib ki, Moskva Navalnı ilə bağlı Avropa İttifaqı ilə münasibətlərinin pozulmasını minimuma endirmək yollarını öyrənəcək.

Şimal Axını 2 kəməri Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməlidir.

Hazırda bu kəmərin çəkilişi ABŞ sanksiyalarına görə dayandırılıb.

Buna baxmayaraq Berlin və Moskva kəmər çəkilişini başa çatdırmaq əzmində olduqlarını bildiriblər.

Rusiya Aleksey Navalnının zəhərlənməsini inkar edir. (azadliq.org)