“Azərbaycanın son qələbələrindən xoşhalam və Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi hesab edirəm”.
Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu öz bəyanatında İran Ali Rəhbərinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi və Urmiyənin imam-cüməsi Seyyid Mehdi Qureyşi bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İran İslam Respublikasının ənənəvi mövqeyini, habelə Xarici İşlər Nazirliyinin və rəsmilərin atəşkəs və müharibəni bitirmək üçün diplomatik həll yolu qəbul edilməsi çağırışlarını təkrarlayan hüccətül-islam Qureyşi bəyanatın sonunda qeyd edib: “Azərbaycanın son qələbələrindən xoşhalam. Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi hesab edir və onun işğalını qətiyyətlə pisləyirəm. Müharibənin heç bir ölkənin lehinə olmadığı rəyindəyəm. Ümid edirəm ki, qonşu ölkələr, ağıllı insanlar əmin-amanlığı bərpa edəcək və daha çox qan tökülməsinin qarşısını alacaqlar. Mövcud mübahisələri qızışdırmayın və iki tərəfi mübahisələri dialoq yolu ilə həll etməyə təşviq edin”.
İranın Şərqi Azərbaycan vilayətində Ali Rəhbərin nümayəndəsi Ali-Haşim də oxşar bəyanat verib. O da münaqişə edən tərəfləri atəşkəsə və dialoqa çağırıb.