XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 12:01

İtaliya Avropanı terrorizmə qarşıvahid təhlükəsizlik strategiyası tətbiq etməyə çağırır

Brüsseldə baş verən terror aktı terrorizmlə mübarizə istiqamətində daha ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha göstərdi. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Avropa ölkələrində biri-birinin ardınca dəhşət saçan terror aktlarının baş verməsi qitə liderlərini ayağa qaldırıb.

Azərtac xəbər verir ki, İtaliyanın Baş naziri Matteo Renzi Avropanın terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməsinin vacibliyinə dair çağırışlar edib.

O vurğulayıb ki, sadə insanların ölümü ilə nəticələnən, ardı-arası kəsilməyən terror aktlarına Avropanın cavabı yüksək təhlükəsizliyi və mükəmməl kəşfiyyatı əks etdirən “Avropa Pakt”ının hazırlanması olmalıdır. Baş nazir diqqətə çatdırıb ki, Avropanın müxtəlif şəhərlərində gizlənən terrorçular qlobal hədəyə çevrilib və bu problemlə mübarizə aylar, hətta illər boyu davam edə bilər. Bu səbəbdən Avropa ölkələri vahid təhlükəsizlik strategiyası üzrə hərəkət etməlidirlər.

İtaliya Prezidenti Sergio Mattarella da bu mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün həmrəylik göstərməyin vacibliyini qeyd edib. Bildirib ki, təhlükəsizlik, hərbi hazırlıq, mədəni əməkdaşlıq və davamlı inkişaf bu həmrəyliyin əsas elementləri olmalıdır. Çünki insanlığın gələcəyi və azadlıq hazırda bu həmrəyliyin möhkəmlənməsindən asılıdır.

Brüsseldə törədilən terror aktından sonra İtaliyada uzun müddətdir davam edən təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. Bu ölkənin daxili işlər naziri Ancelino Alfano məlumat verib ki, təhlükə səviyyəsi əvvəlki kimi ikinci səviyyədə saxlanılsa da, terrorçuların hədəf olaraq seçə biləcəyi bütün məkanlarda təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üçün yeni göstərişlər verilib. Nazir bildirib ki, İtaliyada tətbiq olunan preventiv sistem faydalı nəticələr verir. Bununla belə, terror təhlükəsindən tamamilə sığortalanmaq mümkün deyil. Bunları nəzərə alaraq, Avropa İttifaqı ölkələrinin inteqrə olunmuş müdafiə sistemini qəbul etməsi zəruridir.

Roma Papası Fransisk də Brüsseldə baş verən dəhşətli terror aktlarını pisləyib. O, geniş kütlə qarşısında ənənəvi çıxışında xoşniyyətli bütün insanları ölüm gətirən bu cür qəddar və rəzil əməlləri pisləməyə çağırıb. Roma Papası bütün insanlığı fundamentalizmin kobud təsirlərindən gözü kor olmuş insanların ürəklərinə rəhm gəlməsi üçün dualar etməyə çağırıb.

Qeyd edək ki, Brüssel hadisələri ilə əlaqədar olaraq martın 24-də Avropa ölkələrinin daxili işlər nazirlərinin fövqəladə toplantısının keçirilməsi nəzərdə tutulub.