XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2016 - 13:48

Rza Zərrabı tutan prokuror ulduza çevrilib:“Abi, rakı, kabab, nə istəsən de...”

İranlı iş adamı Rza Zərrabın həbsi üçün sanksiya verən Nyu York Cənub dairəsi federal prokuroru Prit Bharara sosial şəbəkələrdə son günlərin ulduzuna çevrilib.

Virtualaz.org Türkiyə və ABŞ mediasına istinadən xəbər verir ki, bu vaxta qədər qalmaqallı və irimiqyaslı korrupsiya əməlləri üzrə cinayət işləri açması ilə məşhurlaşan Prit Bharara Rza Zərrabın həbs edilməsi xəbərini və ona qarşı irəli sürülmüş rəsmi ittiham aktının bəzi detallarını Twitter-dən paylaşıb. Nəticədə Twitter-də onu izləyənlərin sayı xeyli artıb.

Prokurorun Rza Zərrab barədə tvitlərindən sonra on minlərlə türk onun bloqunun izləyicisinə çevrilib. Twitter-dən ona mesajlar göndərən türklər prokurora dəstək ifadə ediblər. Prokuror türk izləyicilərindən bir neçəsi ilə yazışıb. Türklər ona göndərdikləri mesajlarında Bhararaya minnətdarlıq ifadə edirlər və ona rakı, şiş kabab, türk xalçası kimi hədiyyələr təklif edirlər.

“Türkiyədən istədiyiniz bir şey varmı? Türk rakısı, şiş kabab, lokum, türk xalçası…istəməniz yetərlidir, xidmətinizdəyik”, “Abi, yengeyi də al gəl, gözləyirik”, “Bizimkilərin görə bilmədiyi işi siz gördünüz, yanınızdayıq”. Bunlar türklərin Prit Bhararaya yazdıqları tvitlərdən bir neçəsidir.

Prit Bharara isə bu tivitlərə yazdığı cavabda bildirib: “Şiş kababı sevirəm, ancaq bu, mənim işimdir və hesab edirəm ki, bu cür hədiyyələri qəbul edə bilmərəm”

Rza Zərrabın həbsindən əvvəl Prit Bhararanın 12 min Twitter izləyicisi olub, həbsdən sonra onun izləyicilərinin sayı 115 mini keçib. Rza Zərrabın həbsindən sonra prokuror özü də Türkiyədən 14 Twitter istifadəçisini izlədiyi şəxslər siyahısına daxil edib və onların arasında prezident Ərdoğan da olub. Lakin daha sonra prokuror Ərdoğanı izlədiyi istifadəçilər siyahısından silib.

Xatırladaq ki, Rza Zərrab və daha iki İran vətəndaşı –Kamelya Cemşidi və Hüseyn Nəcəfzadə İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, qeyri-leqal pul transferində, Amerika bank sisteminə qarşı saxtakarlıqda, irimiqyaslı dələduzluqd ittiham edilir. Bu ittihamlar üzrə onları 75 il həbs gözləyir. Rza Zərrab İran, Azərbaycan və Türkiyə pasportları daşıyır, üç ölkənin vətəndaşıdır. İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün  cümlədən Azərbaycanda açdığı şirkətlərdən istifadə edib.