XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 11:17

Baş nazir:"Qaçqınların qəbulu təhlükəsizlik tədbirlərinə görə gecikir"

Avstraliyanın Baş naziri Malkolm Ternbull hökumətin Yaxın Şərqdən olan qaçqınların qəbulunu gecikdirməsi barədə ittihamı rədd edib. Xəbər verdiyimiz kimi, Avstraliya ötən ilin sentyabrında 12 min belə qaçqını qəbul edərək onlara daimi yaşayış yeri verəcəyini bildirsə də, bu günədək yalnız 29 nəfəri yerləşdirib.

Jurnalistlərin suallarını cavablandıran Baş nazir bildirib ki, hökumətin bu vədini belə ləng yerinə yetirməsinin səbəbi ilk növbədə təhlükəsizliklə əlaqədardır. O deyib: “Bizim hüquq mühafizə orqanlarımız onları ciddi şəkildə yoxlayırlar. Biz tam əmin olmalıyıq ki, onlar avstraliyalılar üçün heç bir təhlükə kəsb etmirlər. Biz bununla bağlı heç kimdən üzr istəməyəcəyik. Baş nazirin əsas vəzifəsi, ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsidir”.

Hökumətin başçısı Brüsseldə törədilən terror aktlarından sonra Avropa ölkələrinin ünvanına səsləndirdiyi tənqidi fikirlərindən də imtina etməyəcəyini bildirib. Martın 23-də Sidneydə çıxışı zamanı M.Ternbull həmin terror aktlarına Avropaya Yaxın Şərqdən qaçqın axını kontekstində yanaşmışdı: “Avropa ölkələrinin hökumətləri uğursuz və özbaşına buraxılmış inteqrasiya proseslərinin məhsulunu yığırlar. Suriyadan və İraqdan olan silahlılar bu ölkələrə üz tuturlar, onların sərhədləri zəifdir, kəşfiyyat və hüquq mühafizə orqanları artan təhlükənin öhdəsindən gələ bilmirlər”.

Jurnalistlərlə martın 25-də söhbəti zamanı Baş nazir bildirib ki, onun çıxışının mətni təhlükəsizlik üzrə müşavirlər tərəfindən “ciddi şəkildə yoxlanılıb”.

Avropa ilə Avstraliyanı müqayisə edən M.Ternbull deyib: “Avropada vəziyyət bizdəkindən kəskin şəkildə fərqlənir. Avstraliya cəmiyyəti əksər Avropa ölkələrindəki cəmiyyətlərdən daha multikulturaldır və bizim sərhədlərimiz daha möhkəmdir. Düşünmürəm ki, kimsə buna şübhə ilə yanaşır”(azərtac).