İran Qarabağ münaqişəsinin həlli üçün layihə hazırlayıb.
Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
O deyib ki, hazırda layihə araşdırılır: “Bizim mövqeyimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərdən hərbi qüvvələrin çıxarılması və müzakirələrin başlanması üçün atəşkəsin bərpa edilməsidir”.
Səid Xətibzadə qeyd edib ki, “İranın şimal-qərb sərhədlərində baş verən müharibə həssaslıq və bütün tərəflərlə sıx, daimi təmas saxlanılması ilə izlənilir. İslam Respublikası ilk gündən etibarən bütün tərəflərə onilliklərdir davam edən bu münaqişənin hərbi həll yolunun olmadığını elan edib. Azərbaycanın ərazi suverenliyinə hörmətlə yanaşaraq, döyüşlər ən qısa müddətdə dayandırılmalıdır. Qarşıdurmanın siyasi və vaxtında dialoqla nizamlanmasında İran hər cür səy göstərməyə hazırdır”.
İranlı diplomat bildirib: “İran hər iki tərəflə, yəni həm Azərbaycan, həm Ermənistan, habelə bölgə hökumətləri və qonşularımızla məsləhətləşmələrlə həyata keçiriləcək bir plan hazırlayıb. Ümid edirik ki, hər iki tərəf tarixi missiyaları ilə daha çox zorakılıq və şiddətdən çəkinəcək”.
Xətibzadə rəsmi Tehranın “qırmızı xətlər”ini bir daha xatırladıb: “İran sərhədlərini adlayaraq ərazisinə istənilən tərəfin təcavüzü yolverilməzdir”.