XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2016 - 14:05

Rusiyanın Suriyaya “özəl ordu” göndərdiyi üzə çıxdı- İŞİD fotolar yaydı

Suriyanın Palmira şəhəri uğrunda gedən döyüşlərdə Rusiyanın bir yox, daha çox əsgəri həlak olub.

Virtualaz.org xəbər verir ki, bu fakt İŞİD terror qruplaşmasının yaydığı fotolar əsasında gazeta.ru portalının apardığı araşdırma nəticəsində üzə çıxıb.

Xəbər verildiyi kimi bu gün Rusiyanın Suriyadakı Hmeymim aviabazasının komandanlığı Palmira uğrunda döyüşlərdə bir Rusiya xüsusi təyinatlısının həlak olduğunu açıqlayıb. Rəsmi məlumata görə həmin döyüşçü vurulacaq İŞİD hədəflərinin koordinatlarını müəyyən edirdi.

Lakin İŞİD yaraqlıları bildiriblər ki, Palmira ətrafında beş Rusiya əsgəri öldürülüb. Terrorçular dediklərini sübut etmək üçün öldürülənlərin cəsədlərinin fotolarını və onların telefonlarından götürülmüş fotoları da internetdə yayıblar. Rusiya hakimiyyəti öldürülənlərin güc strukturlarına aidiyyatının olmadığını bidirib. Lakin hərbi mənbələrdən deyiblər ki, öldürülənlər “Vaqnerin ordusu” kimi tanınan, indiyədək barəsində əfsanələr dolaşan özəl Rusiya hərbi şirkətinin döyüşçüləridir.

İŞİD-in yaydığı məlumata görə Rusiya hərbçiləri Palmiranın cənub hissəsində öldürülüblər. Terrorçular onların silahlarının və üzərlərindəki tibbi ləvazimatların, sursatın da fotolarını yayıblar. Güc strukturlarındakı və hərbi sferadakı üç mənbə fotolara əsasən döyüşçülərin bundan əvvəl Donbassda və Krımda fəaliyyət göstərən, Vaqner ləqəbli birinin rəhbərlik etdiyi özəl hərbi şirkətə aid olduqlarını təsdiqləyib.

Bəs “Vaqnerin ordusu” nədir və nə vaxt yaranıb, kimlərdən ibarətdir? Bildirilir ki, bu qruplaşma hələ 2013-cü ildə Suriya döyüşlərində üzə çıxan “Slavyan korpusu” adlı Rusiya muzdlu birləşməsindən qaynaqlanır. Belə ki, 2013-cü ildə Homs şəhəri ətrafında Rusiyanın Krasnodar vilayətinin sakini Aleksey Malyutanın sənədləri müxaliflər tərəfindən tapılıb. Məlum olub ki, həmin şəxs Sankt-Peterburqda yaradılan “Slavonic Corps Limited” adlı özəl hərbi şirkətin “işçisidir”.

Həmin ilin yazında bu şirkət “xaricə ezam olunmaq üçün” müxtəlif güc strukturlarının veteranlarını işə cəlb etməyə başlayıb. Onlarla söhbəti “Moran Security Group” adlı digər özəl hərbi şirkətin rəhbəri, FTX-in ehtiyatda olan podpolkovniki Vyaçeslav Kalaşnikov aparıb.  Nəhayət 2013-cü ilin sentyabrında “Slavyan korpusu”nun 267 nəfər “işçisi” Suriyaya göndərilib. Onlara ayda 4 min dollar maaş, həlak olacaqları və ya yaralanacaqları təqdirdə sanballı kompensasiya vəd ediblər. Muzdlulara bildiriblər ki, onların vəzifəsi döyüşdə iştirak etmək yox, Deyr əs-Zorda neft yataqlarını mühafizə etməkdir.

Muzduları Beyrut üzərindən Dəməşqə aparıblar və iki rotaya bölüblər. Onlara ötən əsrin 30-40-cı illərində istehsal olmuş minaatanlar və zenit pulemyotları, qumbaraatanlar, pulemyotlar, 4 T-72 tankı və bir neçə BTR veriblər. “Korpusa” “Moran Security Group”un direktor müavini Vadim Qusev rəhbərlik edirdi.

Lakin muzdular aldadıldıqlarını başa düşüblər. Məlum olub ki, onları neft yatağını mühafizə etməyə yox, döyüşə gətiriblər. Belə ki, onların mühafizə etməli olduğu neft yatağı müxaliflərin nəzarətində idi, üstəlik ora gedib çatmaq üçün səhra ilə 500 kilometr yol getmək lazım gəlirdi.

Muzdular yola çıxıblar, ancaq onlara verilən köhnə BTR-lər xarab olub və yolda qalıb. T-72 tanklarını suriyalılar özlərinə götürüb və əvəzində onlara sınıq-salxaq T-62 tankı verib. Bu tank da işə düşməyib. 2013-cü il sentyabrın 15-də ruslar “Hyundai” avtobuslarından düzəldilmiş “zirehli maşınlarda” və pikaplarda yola düşüblər. Üç gün sonra onlar Homs əyalətində döyüşə girməli olublar. Bir neçə min yaraqlı muzdluları mühasirəyə alıb, ancaq Əsəd aviasiyasının və artilleriyasının dəstəyi, habelə qum fırtınası sayəsində onlar mühasirədən çıxa biliblər.

Həmin vaxt muzdlulardan biri sənədlərini itirib. Altı muzdlu isə yaralanıb. Layihənin təşkilatçısı Qusev suriyalı ortaqları ilə mübahisə edib və muzdluları oktyabrın sonlarında iki çarter reysi ilə Suriyadan çıxarıb. Aeroportda muzduları FTX əməkdaşları qarşılayıb, döyüşçülərdən xarici pasportlarını və elektron daşıyıcılarını alıblar. Onları məsələ barədə heç bir məlumat yaymamaq barədə sərbəst buraxıblar.  Qusevi və digər ortağı Sidorovu isə həbs ediblər. Lakin çox keçmədən onları üç il şərti cəza ilə azadlığa buraxıblar.

Lakin “Slavyan korpusu”nun əhvalatı bununla bitməyib. “Moran Security Group” şirkətinin əməkdaşı, QRU-nun 2-ci əlahiddə briqadasının keçmiş rota komandiri Dmitri Utkin (məlumata görə “Vaqner” ləqəbini də məhz o daşıyır) keçmiş döyüş yoldaşlarını toplayır və yeni özəl ordu yaradır. Vaqnerin ordusu ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edir, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirir. Daha sonra onun ordusunun sorağı Donbassdan gəlir.

2015-ci ildə isə Vaqner döyüşçüləri ilə birlikdə yenidən Suriyaya qayıdır. Onlar əvvəlcə Rostovda hazırlıq keçirlər, daha sonra “Vaqnerin ordusu” Suriyanın Latakiyə bölgəsindəki Rusiya hərbi bazasına göndərilir. Və indi yayılan fotolardan məlum olur ki, muzdular Palmira döyüşlərində iştirak edirmiş.

Ötən ilin sonlarında Suriyanın şimalında öldürülən 10-a yaxın rus döyüşçünün də “Vaqnerin ordusu”una aid olduğu bildirilir. “Vaqner”in özü isə hazırda Suriyadadır.

Özəl hərbi şirkətlərdən istifadə təcrübəsi əsasən ABŞ-a məxsus idi. Vaxtilə ABŞ belə şirkətlərdən xaricdə çevrilişlər həyata keçirmək üçün istifadə edib. Habelə İraq əməliyyatlarında özəl orduların fəaliyyəti məlumdur. İndi isə Rusiyada bir neçə belə özəl ordular var və onların fəaliyyəti əslində leqal deyil. Çünki qanunvericilikdə belə fəaliyyətə icazə yoxdur. Buna baxmayaraq Moskva onların fəaliyyətinə şərait yaradır və öz geosiyasi maraqları naminə yararlanır.

Rəsmi olaraq Rusiya ordusu indiyədək Suriyada cəmi 6 döyüşçüsünü itirib. Bu itkilərə “Vaqnerin ordusu”nun döyüşçüləri daxil deyil.