XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 22:59

İtaliya hökuməti tibbi maskadan istifadə qaydalarını sərtləşdirib

Koronavirus pandemiyasının vüsət alması ilə əlaqədar İtaliya hökuməti tibbi maskadan istifadə qaydalarını sərtləşdirib.

Azərtac xəbər verir ki, qapalı məkanlarla yanaşı, oktyabrın 8-dən etibarən açıq havada da tibbi maskalardan istifadə icbari olub. Hökumətin qərarında qeyd edilib ki, insanlar arasında sosial məsafədən asılı olmayaraq açıq havada tibbi maska taxılmalıdır. Maska öhdəliyi yalnız açıq havada olan məhdud ərazilərdə (şəxsi həyət, bağ və s.) qüvvədə olmayacaq. Açıq havada maska öhdəliyinə riayət etməyənləri 400-1000 avro arasında cəza gözləyir.

Bundan əlavə, qapalı məkanlarda tibbi maskadan istifadə qaydaları da sərtləşdirilib. Belə ki, iş yerlərində bir neçə adamın olduğu otaqlarda daim maska taxilmalıdır. Ofisdəki otağında təkbaşına çalışanlar isə maska taxmaqdan azaddırlar.

Bundan başqa, altı yaşadək uşaqlar və eləcə də səhhətindəki vəziyyətə görə maskadan istifadəsi qeyri-mümkün olan şəxslər maska taxmaya bilərlər. Kafe və restoranlardakı müştərilər yalnız onlar üçün ayrılmış masada oturarkən maskanı çıxara bilərlər. Bu qaydaların pozulduğu ictimai-iaşə obyektlərinin fəaliyyətinə beş gündən bir ayadək qadağa qoyula bilər.

İtaliyada koronavirusa gündəlik yoluxma sayı 3677 nəfərdir. İndiyədək ölkədə təxminən 340 min nəfər koronavirusa yoluxub. Bu xəstəlikdən ölənlərin sayı isə 36 min nəfərdən bir qədər artıqdır.