XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 17:27

Korrupsionerlərə qanunsuz gəlirləri qaytarmaq üçün bir ay vaxt verilib- Qırğızıstanda

Qırğızıstan prezidentinin səlahiyyətlərini icra edən Baş Nazir Sadır Japarov korrupsionerlərdən qanunsuz gəlirlərini 30 gün ərzində könüllü olaraq xəzinəyə qaytarmağı tələb edib.

Azərtac Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ona verilən səlahiyyətlər əsasında rəsmən iqtisadi amnistiya elan etdiyini bildirən Baş Nazir deyib: “Amnistiyanın məqsədi dövlət büdcəsini doldurmaq, o cümlədən əlavə resurslar cəlb etməkdir. Cinayətkar sxemlər təşkil edən və sadə xalqı qarət edərək varlanan şəxslərə 30 gün vaxt verirəm! Sizdən qanunsuz yolla əldə etdiyiniz vəsaiti dövlət büdcəsinə qaytarmağınızı tələb edirəm! Dövlətdən oğurladığınız hər qəpiyi könüllü olaraq geri qaytarın. Gizli əmlakınız və kapitalınız barədə məlumat verin. Bəyan edilən əmlak və gəlirləri bütün cəza növlərindən azad edirəm. Əmlakını könüllü şəkildə deklarasiyadan keçirənlərin məxfiliyi qorunacaq”.

Sadır Japarovun sözlərinə görə, son 30 ildə iqtisadiyyatın müxtəlif sahələrində sistemli korrupsiya sxemləri vüsət alıb. Korrupsionerlərə öz gəlirlərini və əmlaklarını qanuniləşdirmək imkanının verilməsi birdəfəlik aksiyadır. O, həmin vəsaitlərin respublikanın iqtisadiyyatına sərmayə kimi yatırılmasına çağırıb.

“Xatırladıram ki, iqtisadi amnistiya cəmi bir dəfə tətbiq olunacaq. Pulları qaytarın və iqtisadiyyatımıza yatırın”, – deyə Sadır Japarov əlavə edib.

Qeyd edək ki, Qırğızıstanda oktyabrın 4-də keçirilən seçkilərdən sonra parlamentə daxil ola bilməyən partiyaların nümayəndələri Bişkekdə kütləvi etiraz aksiyaları təşkil edib. Nəticədə ölkənin Baş naziri Kubatbek Boronov və parlamentin spikeri Dastanbek Cumabekov istefaya getmək məcburiyyətində qalıb. Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrini ləğv edib və təkrar parlament seçkiləri bu il oktyabrın 21-nə təyin olunub.

Parlamentin spikeri postuna Kanat İsayev, Baş Nazir postuna isə etirazçıların həbsdən azad etdiyi Sadır Japarov seçilib. Oktyabrın 15-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz postunu tərk edib və dövlət başçısı səlahiyyətləri Sadır Japarova keçib.