XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 20:49

ABŞ kəşfiyyatı yenə də seçkilərə müdaxilədən narahatdır –Seçici məlumatları Rusiya və İranın əlinə keçib

ABŞ-ın kəşfiyyat agentlikləri İran və Rusiyanı “çarəsiz cəhd” kimi 3 noyabrda keçiriləcək prezident seçkisindən əvvəl xaos və çaşqınlıq yaratmaq üçün seçici qeydiyyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışmaqda ittiham edir.

Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bununla bağlı çərşənbə günü təcili olaraq təşkil olunan mətbuat konfransı zamanı açıqlama verib. O, amerikalılara təskinlik verərək, müdaxilə edən hər bir ölkənin “bədəl ödəyəcəyinə və bunun nəticələri ilə üzləşəcəyinə” söz verib.

“Biz seçici qeydiyyatı ilə bağlı bəzi məlumatların İran və Rusiyanın əlinə keçdiyini təsdiq etmişik,” – deyib və əlavə edib ki, hər iki ölkə “seçki ilə əlaqəli ictimai rəyə təsir göstərmək üçün spesifik addımlar atıb.”

Ratklif Rusiyanın bu məlumatlardan necə istifadə etdiyini deməsə də, İranın kiber aktyorlarının son 24 saat ərzində fəal olduqlarını və onların əməliyyatlarından bəzilərinin ABŞ prezidenti Donald Trampa ziyan vura biləcəyini deyib.

“Biz İranın seçiciləri qorxutmaq, sosial iğtişaş yaratmaq və prezident Donald Trampa zərər vurmaq məqsədilə saxta emaillər yolladığını görmüşük,” – o deyib.

Prezidenti dəstəkləyən ultra-sağçı Proud Boys qrupundan gəldiyi kimi göstərilən emailləri izləyən tədqiqatçılar onların azı dörd ştatdakı seçicilərə gönərildiyini bildirib ki, bunlar Arizona, Alaska, Pennsilvaniya və Florida ştatlarıdır.

Emaildə əksəriyyəti Demokrat olan seçicilərə “Seçki günündə Trampa səs verəcəksən, yoxsa biz səni təqib edəcəyik” deyilib.

Proud Boys təşkilatının nümayəndələri bu emaillərlə əlaqələrinin olduğunu inkar ediblər.

Ratklif deyir ki, İran emaillərlə yanaşı, həm də bəzi seçicilərin saxta bülleten atmağa meylli olduqlarını iddia edən video yayıb.

“Bu video və saxta bülletenlərlə bağlı hər hansı iddia həqiqətə uyğun deyil,” – o deyib.

ABŞ-ın kəşfiyyat rəsmisi həmçinin bildirib ki, İranın və Rusiyanın seçici inamını zəiflətmək səylərinə baxmayaraq, “bizim seçki sistemimiz möhkəmdir.”

Amerikanın Səsi