XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 21:03

Yeni texnologiyalar 85 milyon iş yerini ixtisar edəcək

Texnoloji tərəqqi nəticəsində avtomatlaşdırma səbəbindən 2025-ci ilədək 15 iqtisadiyyat sahəsində 85 milyon iş yeri ixtisar oluna bilər.

Azərtac xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun hesabatında deyilir.

Ekspertlərin fikrincə, “robotlar inqilabı” 97 milyon yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ümumilikdə gələcəkdə əvvəlki illərdən fərqli olaraq yeni vəzifələrin yaranması mövcud olanların yoxa çıxmasından daha zəif baş verəcək.

Forumun ekspertlərinin qiymətləndirməsinə görə, 2025-ci ilədək insan və kompüterlər arasında iş yarıya bölünəcək. Bununla yanaşı, avtomatlaşdırma məlumatların daxil edilməsi və emalı, mühasibat uçotu, bir sıra inzibati vəzifələr kimi fəaliyyət növlərinə şamil ediləcək.

Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən keçirilən sorğuya görə, biznes nümayəndələrinin 43 faizi yeni texnologiyaların tətbiqi səbəbindən iş yerlərini ixtisar etmək niyyətindədir. İşəgötürənlərin 41 faizi bir sıra iş növlərinin yerinə yetirilməsi üçün podratçıların şəbəkəsini genişləndirməyi, 34 faizi isə yeni texnologiyaların inteqrasiyası üçün tələb olunan yeni işçi qüvvəsini cəlb etməyi planlaşdırır.

“Avtomatlaşdırmanın sürətləndirilməsi və koronavirus pandemiyası ilə bağlı tənəzzülün nəticələri əmək bazarlarında mövcud tənasübsüzlüyü dərinləşdirib və 2007-2008-ci illər qlobal iqtisadi böhranından sonra nail olunan işsizlik səviyyəsinin azaldılmasını sıfıra endirib”, – deyə Dünya İqtisadi Forumunun idarəedici direktoru Səədiyə Zahidi bildirib.