XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2020 - 19:29

Birləşmiş Millətlər Təşkilatı 75 illiyini qeyd edir

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasından 75 il keçir. BMT İkinci Dünya müharibəsinin sonunda yaradılıb və bütün planetdəki insanlar üçün sülhə ümid yerinə çevrilib. 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minib. Ölkələr həmin sənədi bir neçə ay əvvəl San-Fransiskoda keçirilmiş konfransda imzalamışdılar.

İkinci Dünya müharibəsi və müttəfiqlərin birləşməsi

“Birləşmiş Millətlər Təşkilatı” adı ilk dəfə 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlərin Bəyannaməsində istifadə edilib. İkinci Dünya müharibəsi dövründə antihitler koalisiyasının üzvü olan 26 ölkənin nümayəndələri “Ox ölkələri”nə qarşı birgə mübarizəni davam etdirməyi öhdəyə götürdülər. Təşkilatın adını ABŞ Prezidenti Franklin Delano Ruzvelt təklif etdi. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatanda artıq heç kəs şübhə etmirdi ki, dünyanı birləşdirəcək beynəlxalq təşkilat yaradılması zəruridir.

BMT-nin əsas missiyası dünyanı müharibədən xilas etməkdir

BMT-nin əsas missiyası – sülhün dəstəklənməsi təşkilatın Nizamnaməsində təsbit edilib.

“Biz, birləşmiş millətlərin xalqları gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək…” Bəşəriyyət tarixində ən mühüm sənəd bu sözlərlə başlanır.

BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransiskoda imzalanıb. Sənəd həmin il oktyabrın 24-də qüvvəyə minib. Məhz həmin tarix bu təşkilatın rəsmən yarandığı gün kimi qeyd edilir.

BMT-nin fəaliyyəti – insan haqlarından tibbi problemlərə qədər

BMT Nizamnaməsinə əsasən ona həvalə edilmiş səlahiyyətlər çox geniş əhatəli məsələlərə dair fəaliyyətini həyata keçirmək imkanı verir. Artıq 75 ildir ki, bu təşkilat sülhü dəstəkləməkdən əlavə, insan haqları, ətraf mühitin müdafiəsi, demokratiyanın və azad seçkilərin dəstəklənməsi, sosial və iqtisadi inkişaf, hətta ümumdünya miqyaslı tibbi problemlərin həlli kimi məsələlərlə məşğuldur. Belə ki, 2020-ci ildə BMT və onun ixtisaslaşdırılmış agentlikləri, məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal koronavirus pandemiyasının ilk günlərindən ona qarşı mübarizəyə qoşulublar.

Pandemiya, BMT-nin üzvü olan 193 dövlət və virtual Baş Assambleya

Bu gün Birləşmiş Millətlər Təşkilatına 193 ölkə daxildir. 1945-ci ildə təşkilat yenicə yaradılan vaxt ona 51 dövlət, o cümlədən SSRİ, Ukrayna SSR, Belorusiya SSR, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Braziliya, Argentina, Meksika, Səudiyyə Ərəbistanı, Suriya və Efiopiya daxil idi. 2011-ci ildə Cənubi Sudan müstəqillik əldə edəndən dərhal sonra BMT-nin sonuncu üzvü kimi bu təşkilata qoşulub.

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 75-ci sessiyasında ümumi siyasi debatlarda koronavirus pandemiyası ucbatından BMT üzvü olan ölkələrin bütün liderləri tarixdə ilk dəfə öz çıxışlarının videoyazılarını əvvəlcədən Nyu-Yorka göndərməklə virtual formatda çıxış etdilər.

Qadınlar dünya arenasında – bir neçə nəfərdən onlarca nəfərə qədər

Hazırda dünyada dövlət və ya hökumət başçısı olan cəmin 22 qadın var. 1945-ci ildə BMT yaradılan vaxt planetimizdə baş nazir və ya prezident vəzifəsini tutan bircə qadın da yox idi. 1945-ci ildə San-Fransiskoda keçirilən konfransa gəlmiş 850 nümayəndə arasında cəmi 4 qadın vardı. Bu gün 52 qadın BMT-də öz ölkələrinin elçiləridir.

XXI əsrdə BMT-nin rolu və təşkilatda islahat

BMT-nin rəhbəri – Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir. Təşkilatın tarixində cəmi doqquz baş katib olub. Onlar növbə ilə dünyanın müxtəlif regionlarını təmsil ediblər. Bu vəzifədə Norveçin, İsveçin, Myanmanın, Avstriyanın, Perunun, Misirin, Qananın və Cənubi Koreyanın nümayəndələri olub. Bu dəfə BMT-nin rəhbərinin Şərqi Avropa nümayəndəsi olacağı gözlənilirdi, lakin sonda həmin vəzifəyə əslən Portuqaliyadan olan Antonio Quterreş təyin edildi.

Quterreş bu vəzifədə fəaliyyətə başlayandan dərhal sonra təşkilatın daha səmərəli olması üçün islahatlara start verdi. Baş katib dedi: “XXI əsrdə BMT-də islahatın məqsədi əsas diqqəti proseslərə deyil, insanlara, bürokratiyaya deyil, nəticə əldə edilməsinə yönəltməkdir. Bu islahat hiss olunacaq nəticələr verməli, bizim xidmət etdiyimiz insanların həyatını yaxşılığa doğru dəyişməli, bizim işimizi dəstəkləyənlərin etimadını doğrultmalıdır”(azərtac).