XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 14:08

Misirin qaçırılmış təyyarəsinin pilotu hadisənintəfərrüatlarını danışıb

Misirin İsgəndəriyyə şəhər prokurorunun sərəncamına əsasən Burq əl-Ərəb aeroportunun iki əməkdaşı saxlanılıb. “Egypt Air” aviaşirkətinin qaçırılmış təyyarəsi çərşənbə axşamı Qahirəyə oradan uçmuşdu.

Azərtac “Əl-yaum əs-Sabia”ya istinadla xəbər verir ki, təyyarənin qaçırıldığı gün aeroportda növbətçilik edən bir neçə əməkdaş izahat vermək üçün çağırılıb.

Misir KİV-lərinin məlumatına görə, A320 təyyarəsinin komandiri Amr Qamal təyyarənin qaçırılma təfərrüatlarını danışıb. Onun sözlərinə görə, təyyarənin qaçırılması ona sərnişinlərdən birinin pilota verdiyi məktubdan məlum olub. Təyyarəni qaçıran Seyf əd-Din Mustafa onu hansı istiqamətə yönəltmək barədə qərar verə bilmirmiş. O, Yunanıstana, Türkiyəyə və ya Kiprə uçmağı tələb edib və digər tələb irəli sürməyib.

A.Qamal vurğulayıb ki, yanacaq yalnız Kiprə qədər çatardı və o, bu barədə Seyf əd-Din Mustafaya məlumat verib. Pilotun sözlərinə görə, o, sərnişinin partlayıcıya oxşar əşyanı qayışına bağladığını monitorda görüb. Sonra bunun mulyaj olduğu və Seyf əd-Din Mustafanın onu uçuş zamanı düzəltdiyi məlum olub.

İkinci pilot isə öz növbəsində qeyd edib ki, ekipaj üzvləri cinayətkarla maksimum ehtiyatlı davranmağa, onu sakitləşdirməyə çalışıb, çay və qəhvə təklif ediblər.

Qaçırılmış təyyarənin sərnişinləri bildiriblər ki, hadisənin itkisiz qurtarmasına görə ilk növbədə laynerin ekipajına, o cümlədən Seyf əd-Din Mustafa ilə danışıq aparan və onu sərnişinlərin əksəriyyətini buraxmağa razı salan baş bələdçi Yasin Sabla təşəkkür etmək lazımdır.