Casusluqda ittihamlanmış Avstraliya-Britaniya vətəndaşı Kayli Mur Qilbertin kiminlə mübadilə olunduğu xeyli suallar doğurub.
Strateq.az “Radio Fərda”ya istinadla xəbər verir ki, mübadilə edilmiş 3 iranlı Tayland polisi tərəfindən ölkədə terror aktları törətməkdə şübhəli bilinirlər.
Kayli Mur Qilbertin Tehrandakı Evin həbsxanasından sərbəst buraxılmasından bir gün sonra Tayland səlahiyyətliləri üç iranlı məhbusu Tehrana göndərildiyini təsdiqləyiblər.
İran mediası onları “üç iranlı iş adamı” kimi qələmə verib. Üçlüyü xarici işlər nazirinin müavini Abbas Əraqçi qarşılayıb. Onların hamısı maskalı və qara papaqda olub.
AFP-nin Tayland rəsmilərinə istinadla verdiyi məlumata görə, Məsud Sədaqətzadə və Səid Moradi məhbus kimi ekstradisiya olunublar, üçüncü şəxs – Məhəmməd Xəzaini isə hələ avqust ayında əfv edilib.
Taylandlı səlahiyyətlilər mübadiləni Kayli Mur Qilbertin sərbəst buraxılması ilə əlaqələndirmirlər.
Tayland Xarici İşlər Nazirliyinin sözçüsü hələ də cəza çəkən iki iranlının geri dönməsinin mövcud məhbus mübadiləsi müqaviləsi ilə həyata keçirildiyini bildirib.
İranın Taylanddakı səfirliyi də dörd iranlı məhbusun bu yaxınlarda razılaşma çərçivəsində ekstradisiyasını təsdiqləyib.
Taylandın digər səlahiyyətliləri “Associated Press”-ə 2012-ci ildə bombalı terror akta görə tutulan 3 iranlını Tehrana göndərildiyini deyiblər.
Bu şəxslərin ikisi 2012-ci ilin fevralında Banqkokdakı partlayışdan sonra həbs olunub. Onlar İsrail obyektlərini hədəfə almaqda ittihamı olunublar. Üçüncü şəxs Malayziya hava limanında yaxalanıb.
28 yaşlı Səid Moradi partlayış zamanı iki ayağını itirib. Tehrandakı hava limanına əlil arabasında gələn odur.
Tayland prokurorunun müavini “Associated Press”-ə bildirib ki, üçlük İran-Tayland müqaviləsinə əsasən deportasiya olunub.