Bu gün İranda nüvə və raket sahəsi üzrə tanınmış alim Möhsün Fəxrizadə Mahabadi terror hücumuna məruz qalıb.
Strateq.az “Fars”a istinadla xəbər verir ki, qəsddən əvvəl naməlum şəxslər Absərd şəhərciyi yaxınlığındakı yolda əvvəlcə başqa bir avtomobili partladıblar. Bundan sonra Möhsün Fəxrizadəyə qarşı terror törədilib.
Onu xəstəxanaya çatdırsalar da, Fəxrizadənin həyatını xilas etmək mümkün olmayıb.
İran Müdafiə Nazirliyi alimin ölümünü rəsmən təsdiqləyib.
Nazirliyin bəyanatında deyilir: “Bu gün, Cümə, günortadan sonra silahlı terrorçular Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin olduğu avtomobilə hücum ediblər. Təhlükəsizlik qrupu ilə terrorçular arasındakı qarşıdurma zamanı Möhsün Fəxrizadə ağır yaralanaraq xəstəxanaya aparılıb. Təəssüf ki, həkim qrupu onun həyatını xilas edə bilməyib və alim şəhid olub”.
Terror hadisəsində bir neçə digər şəxsin də xəsarət aldığı bildirilir.
“Fars” agentliyi İsrail mənbələrinə istinadla, təxminən 2 il əvvəl Möhsün Fəxrizadəyə uğursuz sui-qəsd cəhdinin olduğunu xatırladıb. Bu barədə o vaxt “Mossad” səlahiyyətliləri məlumat verib.
İsrail nəşri “Wallanews” Mossad casuslarının Tehranda Fəxrizadə Mahabadi adlı iranlı nüvə alimi öldürməyə çalışdığını xəbər verib.
Veb-sayt daha əvvəl öldürülən nüvə alimlərinin də “Mossad” əməliyyatçılarının qurbanı olduğunu qeyd edib.
Möhsün Fəxrizadənin adı BMT siyahısı vasitəsilə “Mossad”a məlum idi. Həmin siyahıda o, “Müdafiə Nazirliyi və Silahlı Qüvvələrə Dəstək Departamentinin böyük elmi işçisi və Fizika Tədqiqat Mərkəzinin (PHRC) keçmiş direktoru” kimi xatırlanıb.
Mərhum alimin adı 2 il əvvəl Binyamin Netanyahunun anti-İran nitqində də dilə gətirilib.
Ayətullah Xamnəinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan iranlı alimə sui-qəsdlə bağlı tvit atıb. “İsrailin ortaqları qumarbazlarının (Trampın – red.) siyasi ömrünün son günlərində İrana qarşı təzyiqi artıraraq büyük müharibə yaratmaq niyyətindədirlər. İldırım kimi qatillərin üstünə şığıyıb, onları əməlinə peşiman edəcəyik!” – deyə o yazıb.
“Sepah”ın ali komandanı Hüseyn Səlami də tvit atıb: “Nüvə alimlərinin öldürülməsi – müasir biliklərə girişimizi əngəlləmək üçün hökmranlıq sisteminin ən açıq şəkildə şiddətli qarşıdurmasıdır”.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ilk təpkisində terrorun təşkilinə görə İsraili hədəfə alıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Baqeri “İntiqam ağır olacaq!” məzmunlu tvit atıb.