XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2020 - 22:56

Gələn il Çində 1 milyon 5G baza stansiyası quraşdırılacaq

Çində gələn il 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi üzrə 1 milyon yeni baza stansiyası quraşdırılacaq.

Azərtac xəbər verir ki, bu barədə “China Daily” qəzeti Çin Mühəndislik Akademiyasının akademiki U Heçuana istinadla məlumat yayıb. Bildirilir ki, ölkənin mobil rabitə operatorlarının gələn il yeni baza stansiyaları quraşdırması nəticəsində ümumi 5G baza stansiyalarının sayı 1,7 milyondan çox olacaq. Paralel olaraq, 5G mobil şəbəkə xidmətləri üzrə qiymətlərin azalması da gözlənilir.

Akademik Çin şirkətlərinin COVID-19 pandemiyasına baxmayaraq, cari il ərzində təxminən 600 min 5G baza stansiyası quraşdırdığını, ötən ildən isə 100 min stansiyasının istifadəyə verildiyini deyib. Bu işlər nəticəsində 5G şəbəkəsi Çinin prefektura və daha yuxarı statusda olan bütün şəhərlərini əhatə edib.

Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. Ötən il noyabrın 1-dən etibarən Çinin 3 mobil rabitə operatoru – “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb. Çinin mobil rabitə operatorları bu il də daxil olmaqla 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərmayə yatıracaq.

Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.