Strateq.az xəbər verir ki, İranda fəaliyyət göstərən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi mayın 23-də jurnalistlərə açıqlamasında hazırkı vəzifəsində çalışdığı halda “Sepah”a yenidən qayıdışının səbəbindən danışıb.
Möhsün Rzayinin yenidən “Sepah”a qayıtması barədə məlumat ilk dəfə aprel ayında yayılıb. Mayın 21-də isə o, ölkənin dini liderinin iştirakı ilə keçirilən bir mərasimə “Sepah” formasını geyinərək qatılıb.
Möhsün Rzayi deyib ki, o, regionda ölkəni təhdid edən mümkün təhlükələr qarşısında məsuliyyət hissi duyaraq “Sepah”a qayıtmaq qərarına gəlib: “Mənim yenidən “Sepah”a qayıtmağım bölgədə yaranmış həssas vəziyyətə görədir. Mən bir döyüşçü kimi bütün “Sepah”çılara və “Bəsic” qüvvələrinə deyirəm ki, hazır vəziyyətdə olun, bizim şərq və qərb sərhədlərimizdə bəzi olaylar baş verə bilər. Belə görünür ki, Səudiyyə Ərəbistanı Yəməndən başqa digər macəraçı hərəkətlərə başlaya bilər. Güman edirik ki, bu ölkənin Yəməndə, Bəhreyndə və Suriyada başlatdığı macəraçı hərəkətləri davam edəcək.
Təəssüflərlə bildirməliyəm ki, Səudiyyə Ərəbistanının siyasəti odur ki, bölgədəki ərəbləri bizimlə üz-üzə qoyaraq bizi bir-birimizin canına salsınlar. Bütün bunları nəzərə alaraq düşündüm ki, belə bir həssas məqamda yenidən “Sepah” formasını geyib qurum komandirlərinin yanında olmalı və öz hərbi təcrübələrimi onların ixtiyarına qoymalıyam”.