XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 18:59

Co Baydenə canlı yayımda vaksin vurulacaq –ABŞ daha bir peyvəndi təsdiqləyir

ABŞ hökumətinin məşvərətçi qurumu COVID-19-a qarşı ikinci vaksinə də müsbət rəy verib.

Bu arada ölkədə koronavirusa yoluxmalar və ölü sayı artmaqdadır.

Qurum ABŞ tənzimləyici orqanına tövsiyə edib ki, “Moderna” şirkətinin Milli Səhiyyə İnstitutu ilə birlikdə hazırladığı vaksini təcili təsdiqləsin. 20-0 səs çoxluğuyla buna səs verən qurum bildirib ki, vaksinin faydası 18 və daha yuxarı yaşlılar üçün riskləri üstələyir.

Ərzaq və Dərman Administrasiyası (FDA) Moderna vaksinini hətta bu gün – dekabrın 18-də təsdiqləyə bilər. Təcili icazə verilən kimi “Moderna” milyonlarla doza vaksini paylamağa başlayacaq.

Adi dondurucu temperaturda saxlanır

Artıq bu həftədən “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksin ABŞ-da vurulmağa başlanıb. İkidozalı vaksin artıq Britaniya və Kanadaya da göndərilib. “Moderna” vaksini 94 faiz effekt ortaya qoyub, yəni elə “Pfizer-BioNTech” vaksini qədər. Sonuncunun effekti 95 faizdir.

“Moderna” vaksini adi dondurucu temperaturunda saxlanır və bu onun daşınmasını asanlaşdırır. “Pfizer-BioNTech” vaksini isə mənfi 70 dərəcə selsidə saxlanmalıdır. Birləşmiş Ştatlarda indiyədək 1.6 milyondan çox yoluxma təsdiqlənib, 310 mindən artıq ölüm qeydə alınıb. Dünyada isə yoluxanların sayı 75 milyona yaxındır, 1.6 milyon xəstə vəfat edib.

“Moderna” vaksini bazara daxil olunca hökumət rəsmiləri dekabrın sonunadək 20 milyon, yanvarda daha 30 milyon amerikalıya ilk dozanın vurula biləcəyini bildirirlər. İlk sırada tibb işçiləri və yaşlıların peyvənd olunacağı gözlənir. Konqres üzvləri, Ali Məhkəmənin hakimləri, hökumətin aparıcı vəzifəliləri də ön sıradadırlar.

Digər ölkələr

Vitse-prezident Mayk Pense dekabrın 18-də ictimaiyyətə açıq şəkildə vaksin vurduracaq və bununla əhalini onun təhlükəsiz olmasına inandırmaq istəyir.Yeni prezident seçilmiş Co Baydenə peyvənd gələn həftə açıq şəkildə vurulmalıdır.

Dekabrın 17-də Braziliya, Almaniya, Türkiyə, Rusiya və Hindistanda onminlərlə yeni yoluxma aşkarlanıb. Cənubi Koreya dekabrın 18-də 1062 yeni yoluxmanın qeydə alındığını açıqlayıb və bu, ikinci gündəlik rekorddur. Bu ölkədə yoluxmalar 47 min 500-ü keçib, ölü sayı 645 nəfərdir. Cənubi Koreyada 51 milyondan çox əhali yaşayır.

Avstraliya vilayətləri dekabrın 18-dən sərhəd qadağaları tətbiq etməyə başlayıblar. Sidneyin şimalında çimərliklərdə yeni yoluxmalar aşkarlanıb. Çin gələn ilin əvvəlindən cənub-qərbi Siçuan vilayətində ictimaiyyət üçün vaksinasiya proqramına start verir. Artıq ölkənin azı 1 milyon sakininə vaksin vurulub. (azadliq.org)