XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 23:19

COVID-19 pandemiyası ərəb ölkələrinin iqtisadiyyatına 140 milyard dollar zərər vurub

COVID-19 pandemiyası ərəb regionunda iqtisadiyyata 140 milyard dollar zərər vurub.

Bu məlumat BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, pandemiyanın ikinci dalğası 2021-ci ilin ilk yarısında da iqtisadiyyatın dirçələcəyini şübhə altına alır. Belə ki, ən nikbin proqnozlar gələn il ərəb ölkələrində cəmi 2,8 faiz iqtisadi artım olacağını vəd edir. Hesabat dövründə regionun ən az iqtisadi zərərə uğramış ölkələrindən biri olan Misirdə cəmi 1,1 faiz iqtisadi artım qeydə alınıb. Bundan başqa, 2021-ci ildə ərəb ölkələrində işsizliyin 12,5 faiz, Fələstin və Liviyada 22-30 faiz artacağı gözlənilir. Körfəz Əməkdaşlıq Şurası ölkələrində isə bu rəqəm 5,8 faiz olacaq. Gənclər arasında işsizliyin səviyyəsi 27 faizə yüksələcək, bu isə miqrasiya prosesinin güclənməsi ilə nəticələnəcək.

2020-ci ildə ərəb ölkələrinin ixracatının həcmi 50 faiz azalıb. Gələn il bu göstəricinin 10,5 faiz artacağı proqnozlaşdırılır. Region ölkələrinin xarici borcu isə 1,2 trilyon dollara çatıb. ESCWA bu geriləmənin səbəbinin pandemiya ilə yanaşı, səmərəsiz iqtisadi idarəetmə olduğunu qeyd edib. Əlavə edib ki, 2021-ci ildə ərəb regionunda yoxsulluğun səviyyəsi 32 faizə çatacaq və daha 116 milyon insanı əhatə edəcək(azərtac).