Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə, Gürcüstan iqtisadiyyatının 2020-ci ildəki zərəri 1,3 milyard ABŞ dolları təşkil edəcək.
Bu barədə Gürcüstanın maliyyə naziri İvane Maçavariani bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ölkənin müsbət makroiqtisadi göstəricilərini əsaslı şəkildə dəyişib. Turizm sektoru ciddi ziyanla üzləşib. 2019-cu ildə turizmdən 3,3 milyard dollar gəlir əldə olunduğu halda, 2020-ci ildə bu göstərici 90 faiz azalacaq. 2019-cu ildə ixrac 3,8 milyard dollar həcmində olub, ötən ildə isə təxminən 10 faiz azalma gözlənilir.
Nazir deyib ki, Gürcüstan iqtisadiyyatı təkcə bu iki sektor üzrə 3 milyard laridən çox vəsait itirib.
“2021-ci ildə gəlir üzrə itkilər 800 milyon ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb”, – deyə İ.Maçavariani vurğulayıb(azərtac).