«Əl-Qaidə»nin qollarından olan «Əş-Şabab» qruplaşmasının aparıcı liderlərindən Həsən Əli Dxure öldürülüb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Associated Press»ə ABŞ-dakı yüksək vəzifəli şəxslər məlumat verib.
Mənbənin məlumatına görə, qruplaşma lideri ilə yanaşı daha iki terrorçu zərərsizləşdirilib. Qeyri-rəsmi bilgilərə görə, əməliyyat Somali-Keniya sərhədi yaxınlığında həyata keçirilib.
Pentaqon rəsmisi Piter Kuk bildirib ki, Dxure qruplaşmada təhlükəsizlik və kəşfiyyat məsələlərinə cavabdeh idi. Qurumdan onu da bildiriblər ki Dxure 2014-cü ildə Moqadişo aeroportunda teraktın törədilməsində, həmçinin Somali paytaxtındakı otelə hücumun təşkilində əsas rol oynayıb.