XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 20:14

Qətərə tətbiq edilən embarqonun ləğvi və Yaxın Şərqdə yeni geostrateji reallıq

Yanvarın 5-də Səudiyyə Ərəbistanının Əl-Ulə şəhərində keçirilmiş Körfəz Əməkdaşlıq Şurasının sammitində ərəb ölkələrinin həmrəyliyinin və regionda sabitliyin möhkəmləndirilməsinə dair Bəyannamə qəbul edib. Əl-Ulə Bəyannaməsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətər Dövlətinə qarşı 2017-ci ildə tətbiq edilmiş embarqonun aradan qaldırıldığı elan olunub. Ərəb “dördlüyü” Dohaya hava, quru, dəniz blokadasını, həmçinin informasiya və iqtisadi əngəlləri ləğv edir.

Analitiklər Körfəz ölkələri və Misirin bu addımını ərəb dünyasında həmrəyliyə töhfə kimi qiymətləndirib. Rəsmi SPA informasiya agentliyinin məlumatında qeyd olunur ki, Qətər Əmiri Şeyx Tamim bin Hamad əl-Tani Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla təkbətək görüşündə sammitin qərarlarının Körfəz regionunda tərəqqiyə yol açacağını qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Parlamenti, Müsəlman Dünyası Liqası və Ərəb Dövlətləri Liqası da sammitin nəticələrini alqışlayıb, Qətərlə digər ərəb dövlətlərinin əməkdaşlığının regional sabitliyə töhfə olacağını qeyd edib. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz isə Nazirlər Kabinetinin iclasında ərəb və İslam aləmini birlik və həmrəyliyə çağırıb.

Bütün bunlarla yanaşı, analitiklər qeyd edirlər ki, regionda dayanıqlı sülhün və sabitliyin təmin edilməsi üçün digər ciddi problemlər də həllini tapmalıdır. İlk növbədə, ərəb ölkələrinin İran və Türkiyə ilə Liviya, Suriya, Yəməndəki münaqişələrə dair ciddi fikir ayrılıqları həllini tapmalıdır. Rəsmi Ankara Əl-Ulə Bəyannaməsini və Qətərə embarqonun ləğvini alqışlayan bəyanat yayıb. Türkiyə XİN Körfəz ölkələri ilə strateji tərəfdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, Ankara 2017-ci ildən bəri Körfəz böhranının həlli və Qətərə embarqonun ləğvi istiqamətində ardıcıl səylər göstərib. İrana gəldikdə isə, yaxın gələcəkdə bu ölkə ilə ərəb dünyası arasında problemlərin həlli mümkün görünmür. Belə ki, ərəb ölkələri liderlərinin sammitdəki çıxışlarında Tehranın nüvə proqramına qarşı birgə hərəkət etmək çağırışı var.

Yeni ildə Körfəz regionunda əsası qoyulan bu geostrateji reallığın başlıca aktoru kimi Səudiyyə Ərəbistanı çıxış edir. Sammitdə Körfəz Əməkdaşlıq Şurasının Birgə Müdafiə Sazişi və Müştərək Təhlükəsizlik Platformasının bir daha vurğulanması da analitiklərin diqqət mərkəzindədir. ABŞ hökumətinin Yaxın Şərq üzrə sabiq xüsusi nümayəndəsi Ceyson Qrinblatt “Arabnews” qəzetində dərc olunmuş məqaləsində qeyd edib ki, bu yeni regional düzənin memarı Tramp administrasiyasıdır. Məhz Vaşinqtonun səyləri nəticəsində ötən il BƏƏ, Mərakeş, Oman və Sudan İsraillə diplomatik və iqtisadi əlaqələri bərpa edib, Qətərə tətbiq olunan embarqo aradan qaldırılıb. O əlavə edib ki, indi Körfəz ölkələri Co Baydenin Yaxın Şərq üzrə elan edəcəyi siyasi xətti maraqla gözləyir. ABŞ-ın yeni administrasiyasının xarici siyasi kursu Tehran üçün də həlledici olacaq. Baydenin Suriya, Liviya, İraq, Yəməndəki münaqişələrə dair mövqeyi regionda yaranan yeni reallığın dayanıqlı olması baxımından əhəmiyyətlidir.

Körfəz ölkələrinin atdığı mühüm addıma rəğmən Yaxın Şərq və Şimali Afrika regionunda möhkəm sülhə və sabitliyə nail olmaq heç də asan olmayacaq. 2021-ci ildə ərəb dünyasının qarşısında duran əsas problemlərdə, o cümlədən regional münaqişələrin həllində və terrorizmlə mübarizədə daha sıx əməkdaşlıq, həmçinin supergüclərin mövqeyindən asılı olacaq(azərtac).