XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 00:25

Çinin Şıciacuan şəhərində tam qapanma elan edilib

Çinin paytaxtının yaxınlığında yerləşən Şıciacuan şəhərində COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən tam qapanma elan edilib.

Azərtac xəbər verir ki, ötən sutka ərzində 120 yeni yoluxma halının aşkarlanmasından sonra bu qərar qəbul edilib. Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinə artıq giriş-çıxış, o cümlədən təyyarə və qatarların hərəkəti tam dayandırılıb. Ötən ilin yanvarında Uxan şəhərində olduğu kimi, heç kimin şəhəri tərk etməsinə icazə verilmir. Yalnız ərzaq, gündəlik tələbat malları və tibbi ləvazimatlar daşıyan avtomobillərin xüsusi icazə əsasında şəhərə giriş-çıxışı mümkündür.

Qeyd edək ki, son 5 gün ərzində Hebey vilayətində, əsasən də onun paytaxtında COVID-19 infeksiyasına yoluxma halları sürətlə çoxalaraq 234-ə çatıb. Mütəxəssislər Şıciacuan şəhərini virusun yeni dalğasının ocağı kimi görürlər. Yanvarın 6-da şəhərdə “müharibə rejimi” elan olunmuşdu. Artıq 10 milyon əhalisi olan şəhərin bütün sakinləri koronavirus testindən keçirlər. Uşaq bağçaları və məktəblərdə dərslər təxirə salınıb, ali məktəblərdə isə vaxtından əvvəl qış tətili elan olunub. Epidemioloji mübarizəni düzgün təşkil edə bilmədiklərinə görə 3 məmur cəzalandırılıb. Hebey sakinlərinin paytaxta sıx gediş-gəlişinin olması virusun Pekinə də ayaq açmaq ehtimalını çoxaldır. Çinin səlahiyyətli qurumları Hebey vilayətindəki yoluxma zəncirinin Avropadan gələn virus ştammından başladığını güman edir.