Əgər ABŞ İranın bank və neft sahəsinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmasa, onda fevralın 21-də İranın nüvə obyektlərində monitorinq aparmaq üçün gələcək inspektorları ölkəyə buraxmayacaq.
Bu sözləri İran İslam Şurası Məclisinin (parlament) rəyasət heyətinin üzvü Əhməd Əmirabadi deyib.
O bildirib ki, bu barədə parlament qanun qəbul edib. Qanuna əsasən sanksiyalar ləğv edilməyincə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşları ölkəyə buraxılmamalıdır.
Onun sözlərinə görə 2015-ci ildə əldə edilmiş razılaşmanın şərtlərinə yalnız İran əməl edir. ABŞ əldə olunan razılaşmadan imtina edib, Avropa isə ABŞ-ı razılaşmaya uyğun addımlar atmağa məcbur etmək imkanında deyil. Belə olan halda İran da öz milli maraqlarına uyğun addımlar atacaq(azərtac).