XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 10:23

Respublikaçıların Konqresdəki lideri Trampın impiçmentini doğru hesab etməyib

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçı azlıqların lideri Kevin Makkarti hazırkı prezident Donald Trampın impiçmenti ilə bağlı qərarın yanlış addım olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün heç bir araşdırma və ya Konqresdə dinləmələr aparılmayıb. Bununla belə, o, Kapitoliyə hücum edən tərəfdarlarının hərəkətlərinə görə hazırkı ABŞ prezidentinin məsuliyyət daşıdığını etiraf edib.

APA TASS-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə o, Nümayəndələr Palatasında dövlət başçısının impiçmentinə dair iclasda çıxış edib.

“Hesab edirəm, bu qədər qısa müddətdə prezidentin impiçmenti səhv addım olardı. İstintaq aparılmayıb. Dinləmələr olmayıb. Üstəlik, Senat təsdiqləyib ki, proses yalnız yeni seçilmiş prezident Cozef Baydenin andiçməsindən sonra başlaya bilər”, – Makkarti belə deyib.

Onun sözlərinə görə, impiçment Amerika cəmiyyətində daha da böyük bir parçalanmaya səbəb olacaq.

Eyni zamanda, Makkarti Trampın Kapitoliyə hücum edən tərəfdarlarının hərəkətlərinə görə məsuliyyət daşıdığını dilə gətirib: “Bu, prezidentin heç bir günahı olmadığı anlamına gəlmir. Prezident çərşənbə günü bir qrup iğtişaşçının Konqresə hücumuna görə məsuliyyət daşıyır”.

O bildirib ki, Tramp “nə baş verdiyini görəndə dərhal kütlənin hərəkətlərini qınamalı idi”.

Makkarti hesab edir ki, Amerika lideri hələ də vəziyyəti düzəldə bilər və bunun üçün “dərhal hərəkətə keçməlidir”: “Məsuliyyət hissini qəbul etməli, ölkədə böyüyən narazılığı sakitləşdirməli və yeni seçilən prezident Baydenin vəzifəsinin icrasına uğurla başlamasını təmin etməlidir”.