XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 23:23

Almaniyada hakim partiyanın yeni sədri seçilib

AFR kansleri Angela Merkelin partiyasının sədri postuna seçkilərin ikinci turu keçirilib.

Azərtac Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal vilayətinin baş naziri Armin Laşet hakim Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib. Partiyanın onlayn formatda keçirilən qurultayında 991 nümayəndədən 521-i Laşetin namizədliyini dəstəkləyib. İkinci tura çıxmış digər namizəd Fridrix Mertsə isə 466 nəfər səs verib.

İndi Armin Laşet Bundestaqa keçirilən seçkilərdə XDİ-dən kansler postuna namizəd ola bilər. Onu Angela Merkel və AFR-in səhiyyə naziri Yens Şpan dəstəkləyir. Adətən partiyanın rəhbəri həm də kansler vəzifəsinə namizəd olur.

İnternet-səsverməyə əlavə olaraq, həmçinin nəticəsi yanvarın 22-də bəlli olacaq poçt vasitəsilə səsvermə keçiriləcək. Bu, formal xarakter daşıyır. Bütün namizədlər əvvəlcədən bildiriblər ki, bugünkü nəticələri tanıyırlar və Laşet artıq təbrikləri qəbul edir.