XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 01:24

Rusiya Baydenlə anlaşmağa hazır olduğunun növbəti mesajını verdi:"Hər şey təklifin detallarından asılı olacaq"

Rusiya ABŞ Prezidenti Co Baydenin Yeni Strateji Silahların Azaldılması Müqaviləsini uzatmaq təklifini alqışlayıb.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, cümə axşamı Bayden administrasiyası 5 fevral tarixində sona çatacaq Strateji Silahların Azaldılması Müqaviləsini (Qısaca olaraq, Yeni START adlandırılır -red.) beş il müddətinə uzatmaq istədiyini açıqlayıb.

Moskvada jurnalistlərə açıqlama verən Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov, Rusiyanın “sənədi uzatmaq üçün siyasi iradəni yalnız alqışlaya biləcəyini” bildirib. O əlavə edib ki, “ancaq hər şey təklifin detallarından asılı olacaq”.

Senatın Xarici Əlaqələr Komitəsinin yeni sədri olacaq ABŞ senatoru Bob Menendez administrasiyanın bu addımını dəstəkləyən bir açıqlama verib.

Yeni START müqaviləsi haqqında Menendez bildirb: “Bu ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir. Rusiyanın strateji nüvə qüvvələrini məhdudlaşdırır, Rusiyanın öz öhdəliklərinə sadiq qalmasını təmin etmək üçün güclü və təfərrüatlı yoxlama tədbirləri həyata keçirir və Birləşmiş Ştatların təhlükəsiz, etibarlı, müasir və təsirli nüvə yayındırıcısını qoruyub saxlaması üçün lazım olan çevikliyinin olmasını təmin edir”.

Bayden keçənilki seçki kampaniyasında müqaviləni qorumaq istədiyini bildirmişdi.

Cümə axşamı günü NATO-nun Baş Katibi Yens Stoltenberq ABŞ və Rusiyanın müqaviləni uzatmalı və genişləndirməli olduqlarını söyləyib.

Stoltenberq Brüsseldə jurnalistlərə verdiyi açıqlamada bildirib: “Nüvə başlıqları üzərində məhdudiyyət qoyulmayan bir vəziyyətə düşməməliyik və Yeni START müqaviləsi yaxın günlərdə bitəcək”.

O həmçinin əlavə edib: “Yeni START müqaviləsinin uzadılması silah nəzarətini daha da gücləndirmək səylərimizin sonu deyil, başlanğıcıdır”.

Müqavilə 2010-cu ildə ABŞ-ın və Rusiyanın o zamankı prezidentləri Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanmışdı. Müqaviləyə əsasən hər bir ölkə yalnız 1550-ə qədər nüvə başlığını hazır vəziyyətə gətirə bilər.

Keçmiş ABŞ Prezidenti Donald Tramp isə ABŞ-ın əlverişsiz vəziyyətə salındığını iddia edərək, müqaviləyə qarşı çıxırdı.