XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2021 - 10:27

Hava nəqliyyatında qlobal sərnişin axını ötən il rekord həddə azalıb –IATA

2020-ci ildə hava nəqliyyatında qlobal sərnişin trafikində azalma 65,9% təşkil edib ki, bu da rekord göstəricidir.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) materiallarında deyilir.

Qeyd olunur ki, 2020-ci ildə hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları illik ifadədə 75,6%, daxili daşımalar isə 48,8% azalıb. Eyni zamanda, 2020-ci ilin dekabr ayında beynəlxalq trafik 85,3%, daxili isə 42,9% azalıb. Beləliklə, dekabr ayında ümumi azalma 69,7% təşkil edib.

“Dekabr ayının məlumatları hava trafikinin bərpasının durğunluq mərhələsində olduğunu təsdiqləyir. 2020-ci il ərzində sərnişin axını bütövlükdə təxminən 66% azalıb və bu, aviasiya tarixindəki ən kəskin eniş sayılır”, – məlumatda deyilir.

IATA-ya görə, ötən il Asiya-Sakit okean regionu ölkələrində hava nəqliyyatı ilə sərnişindaşımalar 80,3%, Latın Amerikasında – 71,8%, Avropada – 73,7%, Afrikada – 69,8%, Şimali Amerikada – 75,4%, Yaxın Şərqdə isə 72,9% azalıb.

Assosiasiya belə bir azalmanı koronavirusun ikinci dalğası və nəticədə beynəlxalq uçuşlardakı məhdudiyyətlərlə izah edir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda hava nəqliyyatı ilə 577,9 min sərnişin daşınıb, bu, əvvəlki illə müqayisədə 78,6% azdır. (apa)