Çin Ümumdünya Səhiyyə Təşkilatının xahişi ilə COVAX proqramı çərçivəsində COVID-19 virusuna qarşı 10 milyon doza peyvənd təqdim edəcək.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin açıqlayıb. Çinin təqdim edəcəyi peyvəndlər əsasən inkişaf etməkdə olan ölkələrdə vaksinasiya prosesində istifadə olunacaq.

“Çin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusun cari ilin ilk 100 günündə bütün ölkələrin prioritet əhali qruplarının peyvənd olunması ilə bağlı çağırışına böyük əhəmiyyət verir”, - deyən Van Venbin əlavə edib ki, ölkəsi COVID-19 peyvəndinin ədalətli paylanmasına tərəfdardır.

Qeyd edək ki, COVAX peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünə, başqa sözlə yoxsul ölkələri peyvənd dozaları ilə təmin etməyi hədəf alan beynəlxalq əməkdaşlıq təşəbbüsüdür. Bu təşəbbüs çərçivəsində 92 ölkənin əhalisi peyvəndlə təmin olunmalıdır və hələ ötən il bir sıra ölkə bu təşəbbüsə maliyyə dəstəyi göstərməklə yanaşı, öz ölkələri üçün sifariş edilən peyvənd dozalarının bir qismini həmin təşəbbüsə yönləndirəcəklərini vəd ediblər. Çin COVAX-a özünü maliyyələşdirən ölkə kimi qoşulub(azərtac).

Daha çox

© 2021 Strateq.Az