İtaliyada yeni hökumətin formalaşması mandatını alan Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqinin bu tapşırığın öhdəsindən tezliklə gələcəyi ehtimal olunmur. Hazırda M.Draqi ölkədə hökumətin neytral ekspertlərdən ibarət formalaşdırılması və ya siyasi partiyaların təmsilçilərindən ibarət kabinetə həvalə olunması imkanlarını araşdırır. Bu məqsədlə də o, siyasi partiyalarla danışıqları davam etdirir, eyni zamanda, ekspertlərdən ibarət komanda layihəsini də diqqətdə saxlayır.
Fevralın 6-da M.Draqi ölkə parlamentində ən böyük siyasi qüvvə olan və Cüzeppe Kontenin rəhbərlik etdiyi koalisiyalı hökumətin əsas hissəsini təşkil edən “Beş ulduz hərəkatı”nın nümayəndə heyəti ilə görüşəcək. Bir zamanlar Avropa ilə bağlı mövzularda sərt mövqeyi ilə seçilən partiya “Mister Avro” kimi tanınan M.Draqinin siyasi kursunu dəstəkləyərsə, bu, 73 yaşlı siyasətçi üçün böyük uğur ola bilər. Çünki ölkə parlamentinin hər iki palatasındakı cəmi 900 nümayəndənin təxminən 300 nəfəri bu partiyanın təmsilçiləridir və bu siyasi qüvvənin dəstəyini ala biləcəyi təqdirdə M.Draqi parlamentdə mütləq səs çoxluğunu öz xeyrinə həll edə bilər.
Lakin “Beş ulduz hərəkatı”nın əsas tələbi keçmiş AMB prezidentinin ekspertlərdən deyil, siyasətçilərdən ibarət kabinetin qurulmasıdır. Partiya bu yolla yeni hökumətdə bir neçə nazir postuna öz nümayəndələrini yerləşdirmək niyyətindədir. Partiyanın lideri, iflasa uğramış hökumətdə xarici işlər naziri vəzifəsini tutan Luici Di Mayo bildirib ki, M.Draqi yüksək nüfuza malik şəxsiyyətdir və onun rəhbərlik etdiyi nümayəndə heyətinin borcudur ki, M.Draqinin fikirlərini diqqətlə dinləsin.
Di Mayo görüşdən öncə verdiyi açıqlamada sosial-demokratlarla indiyədək mövcud olan mərkəz-solçu alyansın qüvvədə qalmasına tərəfdar olduğunu bildirib. Hazırkı hökumət böhranına kimi hər iki partiya C. Kontenin rəhbərlik etdiyi hökumətdə təmsil olunublar. Di Mayonun bu açıqlaması onun M. Draqinin fikirlərini hörmətlə dinləyəcəyinə, lakin fərqli mövqedə israr edəcəyinə dəlalət edir(azərtac).