Fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aeroportlarında bu ölkəyə daxil olan yerli vətəndaşların və əcnəbilərin pasportlarına “Mars ştampı” vurulacaq.
Azərtac xəbər verir ki, bu ştampın vurulması BƏƏ-nin tarixində əlamətdar gün – “Amal” kosmik zondunun Marsın orbitinə daxil olması münasibətilə tətbiq edilir. Həmçinin əmirliklərin Hökumət Media Ofisi və Dubay aeroportunun təşəbbüsü ilə ştampın üzərində “Əmirliklərə xoş gəldiniz. BƏƏ 09.02.2021-ci il tarixində Marsa daxil oldu” sözləri yazılıb.
Ştampın üzərində Qırmızı planetin relyefini xatırladan Əl-Həcər dağının bazalt qayası və Mleyha səhrasının təsviri fonunda Marsa doğru uçan kosmik zond əks olunub. BƏƏ-nin Hökumət Media Ofisinin icraçı direktoru Xalid Əl Şehi jurnalistlərə müsahibəsində bildirib ki, “Amal” kosmik zondunun Marsın orbitinə daxil olması ərəb dünyası üçün əlamətdar hadisədir. Onun sözlərinə görə, saatda 121 kilometr sürətlə uçan zondun orbitə daxil olmasından sonra həmin sürət həddi saatda 18 min kilometrə düşəcək. Bundan sonra, bir həftə ərzində “Amal” Qırmızı planetdən ilk fotoşəkilləri Yerə göndərəcək. Eyni zamanda, 687 Yer gününə bərabər olan bir Mars ili müddətində Qırmızı planetin atmosferi haqqında məlumatlar da qəbul ediləcək. BƏƏ-nin kosmik missiyasının köməyi ilə dünyanın 200-dən çox elmi-tədqiqat mərkəzlərinin istifadə edəcəyi 1 min GB-dan çox həcmdə yeni məlumat bazası yaradılacaq.