XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 19:31

ÜST:"Avropada koronavirusa yoluxma halları azalır"

Avropada COVID-19 virusuna yoluxmalar və ölüm sayı azalır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Kopenhagendə feysbukda canlı yayımlanan brifinq zamanı bildirib.

“Avropa regionunda hər həftə bir milyondan artıq yoluxma qeydə alınsa da, bütövlükdə COVID-19-a yoluxmaların sayı dörd həftədir azalmağa doğru gedir, son iki həftə ərzində isə yeni ölümlərin sayı azalıb”, – deyə təşkilat rəsmisi qeyd edib.

Belə ki, 20-yə yaxın ölkədən verilən məlumata əsasən, 18-31 yanvar tarixləri ərzində koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin hər 100 min əhaliyə düşən sayı 13-dən 11-dək azalsa da, virusun mutasiyalarının yayılması narahatlıq doğurub. Belə ki, Avropanın 19 ölkəsində Cənubi Afrika ştammı aşkarlanıb.

Ekspert karantin məhdudiyyətlərinin ləğvində tələskənliyə yol verməməyin vacibliyini də dilə gətirib: “Bir daha vurğulamalıyam, ictimai səhiyyə və sosial tədbirlərin ləğv olunması epidemioloji dəyərləndirmələrə söykənən məlumatlara, habelə səhiyyə sisteminin mövcud imkanlarına əsaslanmalıdır. Bunun meyarları nisbi irəliləyişin müşahidəsinə yox, dəlil-sübutlara söykənməlidir”.

Qeyd edək ki, Avropada hazırda peyvəndləmə aparan 37 ölkənin 29-da artıq 7,8 milyon sakin, yəni əhalinin 1,5 faizi peyvənd olunub. Füvralın 10-a olan vəziyyətə görə, Avropa regionunun 17 ölkə və bölgəsində son 14 gün ərzində təsdiqlənmiş yoluxma səviyyəsi hər 100 min əhalisi üçün 400 nəfərdən artıq olub/Report.