XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2021 - 21:32

Yaponiyanın Baş naziri oğlu ilə bağlı qalmaqala görə üzr istəyib

Yaponiyanın Baş naziri Yoşihide Suqa oğlunun yüksək vəzifəli məmurlarla əlaqəsi barədə qalmaqala görə üzr istəyib.

Bu barədə o, Yaponiya parlamentinin büdcə komissiyasında keçirilən müzakirələr zamanı müxalifətdən olan deputatların suallarını cavablandırarkən bəyan edib. Baş nazir bildirib ki, oğlunun yüksək vəzifəli məmurlarla əlaqəsi barədə qalmaqal ona olan ictimai inama böyük zərbə vurur.

“Yaranmış vəziyyət xalqın mənə olan etibarına böyük zərbədir. Mən buna görə təəssüf hissi keçirirəm və üzr istəyirəm”, – deyə Y.Suqa bildirib.

Qeyd edək ki, bu qalmaqala görə Yaponiya Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr üzrə katibi xanım Makiko Tanaka artıq istefa verib. O, Baş nazirin çıxışlarının hazırlanmasına məsul idi və əvvəllər İnzibati Məsələlər və Kommunikasiya Nazirliyində yüksək vəzifə tuturdu. Həmin vəzifədə olarkən bu xanım da Baş nazirin oğlu Seyqo Suqanın təşkil etdiyi axşam yeməyinə azı bir dəfə qatılıb. Qeyd edilir ki, S.Suqa süni peyk yayımı ilə əlaqədar şirkətdə çalışır və bu şirkətin yayım üçün lisenziyaya ehtiyacı var. Həmin axşam yeməyi üçün Baş nazirin oğlunun 70 min yen (650 dollar) ödədiyi qeyd edilir. Bu hadisə məmurların hədiyyə almamaq barədə qadağanı nəzərdə tutan davranış kodeksinin pozulması kimi qiymətləndirilir.

Kyodo agentliyinin yazdığına görə, Nazirlər Kabinetinin katibinin istefası ilə hökumət bu məsələyə nöqtə qoymağa çalışıb. Eyni zamanda, M.Tanakanın bazar ertəsi günü xəstəxanaya yerləşdiyi də bildirilir ki, bu da onun parlamentə məsələ ilə bağlı dəvətini mümkünsüz edir.

Qeyd edək ki, Baş nazirin oğlunun təşkil etdiyi axşam yeməklərində ümumilikdə İnzibati Məsələlər və Komunikasiya Nazirliyinin 11 məmurunun iştirak etdiyi bildirilir.

Bu qalmaqalla əlaqədar əvvəl də üzr istəyən Baş nazir oğlu ilə onun iş məsələlərini müzakirə etmədiyini də bildirib(azərtac).