Xahiş edirəm, evdə qalın. Kim distant şəkildə işləyə bilirsə, işləsin. Rica edirəm, təmasları azaldın. Lütfən, digər insanlardan uzaq durun. Estoniyada virusun yayılması çox yüksək olduğundan bu infeksiyanın yayılmasını birlikdə durdurmalıyıq. Hökumət bunu təkbaşına edə bilməz, çünki insanlar virusu yaymağa davam edir və yalnız biz özümüz virusun yayılmasını durdura bilərik.
Bu sözləri ölkənin baş naziri Kaya Kallas xalqa müraciətində söyləyib.
Bəziləri məhdudiyyətlərin çox sərt olduğunu, bəziləri isə çox yumşaq olduğunu hesab edir. Lakin insanlar məhdudiyyətlərə riayət etmədikdən sonra onların sərtliyi heç bir işə yaramayacaq. Biz bunu Avropanın digər ölkələrinin nümunəsində görmüşük deyən Kaya Kallas bu həftədən etibarən Estoniyada yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini xatırladıb.
Estoniyanın Baş naziri bildirib ki, koronavirus hər tərəfdə yayılır və insanların üçdə birindən çoxu virusa harada yoluxduğunu bilmir. Bütün bunları nəzərə alaraq qərar verdik ki, məhdudiyyətlərə riayət olunmasına nəzarəti gücləndirəcəyik və qayda pozuntuları cərimələrlə müşayiət olunmalıdır.
O, xəstəliyi daha ağır formada keçirən yaşlı insanların həyatını xilas etmək naminə gənclərin özlərini məhdudlaşdırmalı olduğunu da vurğulayıb(azərtac).