Rəsmi Kabil “Taliban” hərəkatının ölkədə keçirilən seçkilərdə iştirakına qarşı çıxmır.
Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar deyib.
“Biz taliblərin Əfqanıstan vətəndaşları kimi hüquqlarını qəbul edirik. Əgər onlar xalqı düşünürlərsə, əfqan xalqı uğrunda döyüşdüklərini hesab edirlərsə seçkilərdə iştirak etsinlər. Seçkilər xalqın bizə və ya “Taliban” hərəkatına etimad meyarı olacaq”, – deyə Məhəmməd Hənif Atmar bildirib.
Bir qədər əvvəl Əfqanıstan XİN-in rəhbəri Kabilin taliblərlə danışıqlarda vaxt məhdudiyyəti qoymadığını və rəsmi nümayəndə heyətinin əfqan xalqı qarşısında öhdəlikləri olduğu üçün danışıqlar masasını tərk etmədiyini bildirmişdi.