XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2021 - 14:50

Roma Papası İraqda ayətullah Əli Sistani ilə görüşüb

İraqda səfərdə olan Roma Papası Fransisk Nəcəfdə bu ölkə şiələrinin ruhani lideri, böyük ayətullah Əli Əl Sistani ilə görüşüb.

“Report” “AP”yə istinadən xəbər verir ki, tarixi görüşdən sonra Ə.Sistani ölkə xristianlarının qorunmasında yüksək rütbəli ruhanilərin rolunu qeyd edərək ölkədəki xristian icmasının sülh şəraitində yaşayacağını, bütün iraqlılarla bərabər hüquqlardan yararlanacaqlarını bildirib.

Həmçinin Vatikandan verilən açıqlamaya görə, papa Fransisk İraqın müasir tarixindəki mürəkkəb dövrlərdə “daha amansız təqiblərə məruz qalanlara arxa duraraq səslərini yüksəltdikləri üçün” böyük ayətullah Əl Sistaniyə və ölkənin bütün şiələrinə təşəkkür edib. Katolik kilsəsinin başçısı böyük ayətullahın sülh ismarıcının “insan həyatının müqəddəsliyini, İraq xalqının bütövlüyünün mühüm əhəmiyyətini” təsdiqi olaraq dəyərləndirib.

Tərəflər arasında görüşün mühüm məqsədi dinc birgə yaşayış haqqında bəyanat verərək müsəlmanları İraqın son vaxtlar təqib olunan xristian azlığına qarşı mehriban olmağa çağırmaqdır.

Qeyd edək ki, Roma papasının İraqa tarixdə ilk səfəri dünən başlayıb. Papa Fransisk yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Ali qonağın səfərilə bağlı Nəcəf şəhərinə 25 minədək təhlükəsizlik qüvvələri əməkdaşı cəlb edilib.