XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 16:19

ABŞ-ın 12 ştatı Baydenə qarşı məhkəmə iddiası qaldırıb –Səbəb

Missuri ştatının və ABŞ-ın digər 11 ştatının rəhbərliyi əhalinin sağlamlığının və ətraf mühitin qorunması haqqında fərman imzaladığına görə ölkə Prezidenti Cozef Bayden və administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

TASS xəbər verir ki, iddiaçılar federal tənzimləyici orqanların səlahiyyətlərinin genişləndirilməsinin ciddi iqtisadi ziyana səbəb ola biləcəyini düşünürlər.

Missuri ştatının baş prokuroru Erik Şmitt tərəfindən irəli sürülən iddiaya Arkanzas, Arizona, İndiana, Kanzas, Montana, Nebraska, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennesi və Yuta ştatlarından olan həmkarları qoşulublar.

Vəsatətdə qeyd olunur ki, federal səlahiyyətlilər istixana qazlarının ictimai xərcləri üçün rəqəmləri təsdiqləyə bilər və bu, sonradan federal tənzimləyicilərin müddəaları dəyişdirməsinə və yenilərini tətbiq etməsinə əsas olacaq, təbii ki, bu da ölkənin adi sakinləri üzərində əlavə maliyyə yükü yaradacaq. İddiaçıların fikrincə, fərman hakimiyyət bölgüsü prinsipini pozur.

Vəsatətdə göstərilən Baudenin işçi qrupunun aralıq hesablamalarına görə, bu cür ictimai xərclərin ümumi məbləği 9,5 trilyon ABŞ dollarıdır.

Xatırladaq ki, Bayden vəzifəsinin icrasına başladığı ilk gündə ölkəsinin istixana qazlarının həcmində köklü azalmanı nəzərdə tutan Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərə qayıtması ilə bağlı fərman imzalayıb. Halbuki 2018-ci ildə o zaman Ağ Evin sahibi olan Donald Tramp Amerika iqtisadiyyatının inkişafını ləngitdiyini düşündüyünə görə razılaşmadan çəkilməyə qərar vermişdi/Report.