XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 23:02

Putin:"Bu layihənin uğurla reallaşması Rusiya-Türkiyə tərəfdaşlığını daha da inkişaf etdirəcək"

“Akkuyu” flaqman layihəsinin uğurla həyata keçirilməsi Rusiya ilə Türkiyə arasında enerji sahəsində ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla yanaşı, ümumilikdə çoxşaxəli Rusiya-Türkiyə tərəfdaşlığını daha da inkişaf etdirəcək, iki ölkənin xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcəkdir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Mersin vilayətində “Akkuyu” atom elektrik stansiyasının üçüncü blokunun tikintisinin təməlqoyma mərasimində videokonfrans vasitəsilə bildirib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Rusiya Prezidenti, atom elektrik stansiyasının razılaşdırılmış qrafikə uyğun olaraq tikintisini təmin etməyə imkan verən Rusiya və Türkiyədən olan nüvə mütəxəssisləri, mühəndisləri və fəhlələrin koordinasiyalı işindən məmnunluğunu bildirib. “Eyni zamanda, ən mürəkkəb texnoloji problemlər uğurla həll olunur. Koronavirus pandemiyası ilə bağlı çətinliklər “Akkuyu” layihəsinin ardıcıl realizə edilməsinə mane ola bilməyib. Ən yüksək səviyyədə sanitariya və epidemioloji təhlükəsizlik, tikintiyə cəlb edilmiş əməkdaşların sağlamlığının qorunması təmin edilir”, – deyə RF Prezidenti söyləyib.

Vladimir Putin Türkiyədəki ilk atom elektrik stansiyasının 2023-cü ildə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunduğu dövrdə işə başlayacağını deyib. “Biz buna böyük əhəmiyyət veririk və Türkiyə Prezidenti ilə layihəyə lazımi yardım və dəstəyin göstərilməsinin davamlı olması barədə razılığa gəlmişik”, – deyə Rusiya dövlətinin başçısı vurğulayıb.

RF Prezidenti Rusiya universitetlərində Türkiyə üçün nüvə mühəndislərinin hazırlandığını xatırladıb. Bildirib ki, hazırda Rusiyada gələcəkdə “Akkuyu”da çalışacaq 100-dən çox türk tələbəsi təhsil alır. Bu il türk məzunlarının ümumi sayı 200 nəfəri keçəcək.

Qeyd edək ki, Türkiyədə ilk AES-ın inşası layihəsi 2010-cu ilin may ayında imzalanmış hökumətlərarası saziş əsasında “Akkuyu nuklear” şirkəti tərəfindən həyata keçirilir. 2020-ci ilin iyununda atom elektrik stansiyasının ikinci enerji blokunun inşasına başlanıb. Tikinti başa çatdıqdan sonra “Akkuyu” AES ildə təxminən 37 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək(azərtac).